Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Novruz bayramı münasibəti ilə şəhər sakinlərinə təbriki

19 mart 2021 | 16:00

Hörmətli şirvanlılar!

   Sizi xalqımızın qədim milli bayramı olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm, bu əziz günlərdə hər birinizə can sağlığı, bahar əhval-ruhiyyəsi və süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
   Xalqımızın mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz ölkəmizi qədim svilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərdən biridir. Kainatın nizamının, təbiətin oyanışının, ruhun təntənəsinin ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
   Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin ənənələrin müqəddəs ərməğan kimi uca tutulmasına çalışır, hər il Novruz ümumxalq bayramı kimi yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır, paytaxtın mərkəzi küçə və meydanları əsl bayram əhval-ruhiyyəsində bəzədilir.
   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi  ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Artıq Novruz bayramı regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.
   30 ilə yaxın Novruz günlərində tutduğumuz ümumxalq diləyimiz nəhayət Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusu tərəfindən gerçəkləşmişdir. Ərazi bütövlüyümüz uğrunda başlanan Vətən müharibəsində 44 günlük zəfər yürüşü Şanlı Qələbə ilə başa çatmışdır.  Baharın Azərbaycan torpaqlarına bu ilki gəlişi dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümünə hazırlıq tədbirləri və işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq və bərpa işləri ilə üst-üstə düşür. Bütün bunlar hər birimizdə fərəh hissini artırır, qurub-yaratmaq əzmimizi gücləndirir.
   Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şücaətli Vətən övladlarının xatırəsi bu əziz günlərdə ehtiramla yad olunur. İnanıram ki, işğaldan azad edilmiş şəhər və kəndlərimizdə yandırılan tonqallar şəhidlərimizin ruhunu şad edəcəkdir.
   Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edən və ildən-ilə gözəlləşən Şirvanımızda həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlər, iqtisadi sahədə əldə edilən nailiyyətlər tarixi Qələbənin və Baharın gəlişi fonunda sakinlərimizdə yüksək əhval-ruhiyyə yaratmışdır. Şirvan sakinlərinin koronavirus pandemiyasına və Vətən müharibəsində düşmənə qarşı göstərdiyi birlik və həmrəylik bundan sonra da ölkəmizin daha da çiçəkləməsi, inkişafı, bütövlüyünün qorunması, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması yolunda davam etdiriləcəkdir.
   Əziz şirvanlılar, bir daha sizin Bahar təravətli bayramınızı təbrik edirəm, hər bir şirvanlının evinə, ailəsinə xoş ovqat, sevinc və firavanlıq arzulayıram.

   Novruz bayramınız mübarək olsun!

   İlqar Abbasov

Keçidlər