2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Ərəbli Rahil Rafiq oğlunun doğum günü qeyd edilib.
14 aprel 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Ərəbli Rahil Rafiq oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Ərəbli Rahil Rafiq oğlunun məzarı önündə çıxış edərək, anasına başsağlığı verib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün ona minnətdarlığını bildirib və il yarım öncə vəfat edən Rahilin atası Rafiq Ərəbli haqqında xoş xatirələrini bölüşüb. Aprel döyüşlərinin böyük zəfərə gedən yolun başlanğıcı olduğunu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini bütün dünyaya göstərdiyini və xalqımızın tarixi torpaqlarını heç vaxt güzəştə getməyəcəyini bir daha sübut etdiyini vurğulayıb. 44 günluk Vətən müharibəsində Rahil kimi qəhrəman oğullarımızın davamçılarının sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiyini, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir yumruğunda birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaət və qəhərmanlıq sayəsində respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da üçrəngli bayrağımızın əzəmətlə dalğalandığını diqqətə çatdırıb. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını vurğulayıb. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib. Şirvan şəhərindən olan 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, adlarının küçələrə verildiyini, digər şəhidlərimizin adına sinif otaqlarının yaradıldığını qeyd edib. Hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov ölkəmizdə vətənpərvər, cəsarətli və şücaətli nəsil yetişdiyini, buna görə zəhmətkeş, mərd analara borclu olduğumuzu bildirib. Vətənimizin müdafiəsi və daha da inkişafı naminə ölkə başçısının ətrafında sıx birləşməyin vacibliyini qeyd edib. Din xadimi Hacı Vasif şəhidliyin istər dinimizdə, istərsə də xalqımızın mənəviyyatında mötəbər yer tutduğunu, şəhidlərin yüksək səviyyədə, izdihamla son mənzilə yola salındığını, xatirələrinin hər zaman uca tutulduğunu bildirib. Ramazan ayı ərəfəsində, xüsusilə Qədr gecələrində xalqımıza, dövlətimizə, Prezidentimizə, əsgər və zabitlərimizə dualar edildiyini, edilən dualarda ilk növbədə şəhidlərin xatırlandığını diqqətə çatdırıb. Ziyarətin sonunda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Şəhidin anası ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti