Bu gün Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun cənnətdəki ilk doğum günüdür.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı Zəfər yürüşündə iştirak edən, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərimizdən birinin, Məmmədov Xəqani Füzuli oğlunun doğum günüdür. Yaşasaydı 19 yaşı tamam olacaqdı. Lakin O, həyatda ən şirin nemət olan canını təpədən dırnağa qədər bağlı olduğu Vətənə qurban verdi. Valideynləri Zəngilan rayonundan məcburi köçkün olan Xəqani Zəngilanı görməsə də Vətən qarşısında borcunu şərəflə yerinə yetirdi.
Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edir. Şəhid Xəqani Məmmdədovun doğum günü ilə əlaqədar Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə şəhidin ailəsi ziyarət olunub. Ziyarət zamanı Vətən müharibəsi Şəhidi Xəqani Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar edilib.
İcra Hakimiyyətinin nümayəndələri belə bir vətənpərvər oğul böyütdüklərinə görə şəhidin valideynlərinə minnətdarlıq edib və onlara səbir diləyiblər. Xəqaninin hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışılıb və torpaqlarımızın düşmən işğalından azad olunmasında böyük şücaət göstərən şəhidlərimizin daim yaddaşlarda yaşayacağı bildirilib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Xəqani Məmmədov oktyabrın 10-da Şirvan şəhərinin Şəhidlər Xiyabanında uğrunda can verdiyi torpağa qovuşub. Böyük izdihamın yaşandığı dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri yaxından iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Xəqani Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
Şəhidin atası Füzuli Məmmədov və anası Zülfiyyə Səmədova onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Sonra Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhid Xəqani Məmmədovun ailəsi və dostları ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı önünə gül dəstələri düzüblər.
Mətbuat xidməti