Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il 4 oktyabr-Cəbrayılın azad olunması və 27 il davam edən həsrətə son.....

03 oktyabr 2022 | 17:45

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdi. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuşdu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində  Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi. Həmçinin Azərbaycan Ordusu tərəfindən keçirilən cəza tədbirləri nəticəsində işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan Ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi Karen Babayan məhv edildi. Bununla da Cəbrayılın düşməndən tamamilə təmizlənməsiilə nəticələınən  qızğın döyüşlər daha da alovlandı. Demək olar ki, hər gün, bir va ya bir neşə kəndin azad olunması, düşmənin canlı qüvvəsinin və silah sursatının məhv olunması xəbərini eşidirdik.  Oktyabrın 18-də  Ermənistan Silahlı Qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu. Bunun ardınca  cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən məhv edildi. Xüsusilə  Su-25 təyyarəsinin Azərbaycan səmasında, Silahlı Qüvvələrimiz tərəfindən vurulması əsl qələbə idi. Az sonra  Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında paylaşım etdi —  “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar”. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə  bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir. Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Səadət Quliyeva

Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru

Keçidlər