Şriftin ölçüsü :

Saytın rəngi :

“2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi”.

03 avqust 2023 | 09:36

Prezident cənab İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin – dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, onun ən yaxın silahdaşı olmuş, şərəfli mübarizə yolu keçmişdir. Bundan əlavə, Prezident İlham Əliyev Ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Onların hər ikisi, həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmiş, dərin və hərtərəfli tarixi biliklərə yiyələnmişlər. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assamb­leyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dün­yaya çatdırmaqda cənab İlham Əliyev misilsiz rol oynamışdır. İkinci Qarabağ müharibəsi za­manı da biz dövlət başçısının Azərbaycanın haqlı mövqeyini sarsılmaz inamla, yüksək intellek­tual cavablarla necə dəqiq müdafiə etdiyinin və xarici auditoriyaya hansı təkzibedilməz arqumentlərlə çatdırdığının şahidi olduq. Hətta içlərində erməni lobbisinə xidmət edən bəzi jurnalistlərin təxribatçı suallarına, işğalçıları açıq şəkildə müdafiə edən və peşə etikasına sığmayan suallarına belə təmkinlə, arqumentlərlə ən yüksək səviyyədə cavablar verdiyini qürurla izlədik. Arxada qalan bir il 10 noyabr 2020-ci il tarixli  Bəyanatın imzalanmasına gedən yola daha aydın işıq salaraq, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, kimin kim olduğunu göstərdi. 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan Ermənistanın fürsət düşən kimi, Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya hazırda arxivə atılan ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək digər təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq diqqəti yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatlarını  nəyə hesabladıqları  bugünümüzdən  baxdıqda daha aydın görünür. Prezident cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində diqqəti tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına, eyni zamanda,  beynəlxalq aləmdən gözləntilərə yönəltdi.  “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq. Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq. Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik. Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik. Ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Vətən müharibəsində xalq qalib gəlir. Xalq bu müharibədə öz başçısına – Prezidentinə, Ordusu­nun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu və müharibədən qalib xalq kimi çıxdı. Bu Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.

 

Fəridə Cəfərova

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

Keçidlər