Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur

13 yanvar 2023 | 11:30

Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünyaşöhrətli yeni-yeni idmançılar yetişdi. Əsasən İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.Ölkəmizin idmançılarının beynəlxalq yarış və turnirlərdə əldə etdikləri qələbələr, eləcə də Azərbaycanda  keçirilmiş müxtəlif  beynəlxalq yarışlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri olduğunu təsdiqləyir. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan idman və gənclər siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir. 2023-cü il yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, idmançılarımız 2022-ci ildə beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar və onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə ki, bu, çox böyük nailiyyətdir. Cənab İlham Əliyev tədbirdə 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulayıb. Ölkə Prezidenti idman sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, həmçinin idmançılarımızın ölkəmizi dünya və Avropa çempionatlarında ləyaqətlə təmsil etdiklərini xüsusilə qeyd edib. Gənc idmançıların yetişdirilməsi Azərbaycanda həyata keçirilən idman siyasətinin prioritet istiqamətlərindən biridir, məhz bu siyasət ölkəmizdə idmanın inkişafına dinamik xarakter verir. 5 il əvvəl Bakıda keçirilən yarışlarda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Bu da onu göstərir ki, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Yəni, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi yeni nəsli təmsil edən gənc idmançılara ötürülür. Rayon və bölgələrdə keçirilən çoxsaylı idman tədbirləri gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. Bu da öz növbəsində dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Bu gün ölkəmizdə hər kəsin idmanla məşğul olması üçün bütün imkanlar var. İndiyədək rayon və bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses hal-hazırda yüksək dinamika ilə davam etdirilir. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, bunun çox böyük tarixi əhəmiyyəti və siyasi önəmi vardır. Çünki azad edilmiş ərazilər indi canlanır, həmin torpaqlara həyat qayıdır. Azərbaycanın tarixi Zəfərindən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda  beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Dövlət başçısı bu idman hadisələrini yüksək qiymətləndirdiyini vurğulayıb və bildirib ki, bu tendensiya bu il də davam etdirilməlidir.  Azərbaycanın idman ölkəsi olaraq dünyada nüfuzunun daha da artması baxımından ölkəmizdə keçirilən beynəlxalq yarışların önəmi xüsusilə böyükdür. Azərbaycanda həm dünya, həm Avropa çempionatları keçiriləcək. Məlumdur ki, hazırda dünyanın idman ictimaiyyəti növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Dövlətimizin  başçısınn qeyd etdiyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə də bizim bütün idman ictimaiyyətimiz əsas istiqaməti bunda görməlidir ki, Azərbaycan növbəti Yay Olimpiya Oyunlarında da öz gücünü bir daha təsdiqləsin.

 

Samit Həsənov

Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi

Keçidlər