2023-cü il “Heydər Əliyev ili” və xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Ulu öndərin adını daşıyan park və meydanda yenidənqurma, əsaslı və cari təmir işləri aparılmışdır.
Belə ki, Heydər Əliyev parkında işıqlandırma şəbəkəsinin dayanıqlığının təmin edilməsi məqsədilə qazıntı işləri aparılaraq mövcud işıq dirəklərinə yeni yeraltı elektrik xətləri çəkilmiş, yeni 100 w enerjiyə qənaətli led plafonlar və lampalar quraşdırılmış, işıq dirəkləri təmir olunaraq rənglənmişdir. Fəvvarə və şəlalə əsaslı təmir olunaraq rənglənmiş, izolyasiya işləri aparılmış, elektrik naqilləri yenilənmiş, yeni su nasosu, led lampalar, sualtı işıq lampaları və transformatorlar, şəlalənin arxa hissəsinə taxta jalyuzi quraşdırılmışdir. Şəhər sakinlərinin İcra Hakimiyyətinin başçısı İlqar Abbasova və Milli Məclisin Deputatı İltizam Yusifova çoxsaylı müraciətlərini nəzərə alaraq və sakinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə park ərazisindən Tofiq İsmayılov küçəsinə, 20 nömrəli tam orta məktəbə gedən yola yeni qapı quraşdırılmış, səki salınaraq tamet və bordyurlar düzülmüşdür. Parkın ərazisindəki qopmuş qranit lövhələri bərpa olunmuş, tamet döşəmələr təmir olunmuş, beton bordyurlar və beton səki daşları, hasar divarı və metal barmaqlıqlar əsaslı təmir olunaraq rənglənmişdir. Parkın giriş hissəsindəki “Portal” əsaslı təmir edilmiş, ağ laylar cilalanmış və qopmuş mərmərlər bərpa olunmuş, ulduz komplekslərində bərpa və cilalanma işləri aparılmış, suvarma sistemləri əsaslı təmir olunmuş, su xətləri yenilənmişdir. Uşaq-əyləncə və idman qurğuları və meydançası əsaslı təmir olunaraq asfalt örtük vurulmuş, meydançaya uşaqların istifadəsi üçün yeni qatar və avtomobillər alınaraq quraşdırılmışdır. Uşaq əyləncə qurğuları meydançasına ekoloji təmiz rezin əsaslı süni örtük sərilmiş, əyləncə qurğuları təmir olunaraq rənglənmiş və tamet tavalar düzülmüşdür. Şəhər sakinlərinin asudə vaxtlarının və istirahətinin təmin edilməsi məqsədilə parkda quraşdırılmış oturacaqlar, tullantı qutuları, saat qurğusu təmir olunaraq rənglənmiş və sakinlərin istifadəsinə verilmişdir. Yaşıllıq ərazilərdə xəstəlik səbəbindən qurumuş ağaclar kəsilərək uzaqlaşdırılmış, yerində yeni ağac tingləri, dekorativ gül kolları və qazon əkilmişdir. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev meydanındakı fəvvarədə su nasosları təmir olunmuş, sualtı lampalar və elektrik naqilləri yenilənmiş, yeni transformatorlar quraşdırılmışdır. Heydər Əliyev abidə kompleksinin ətraf hissəsində mərmər, “ağ lay”, tamet tavalar və işıqlandırma sistemi təmir olunmuş, İstiqlaliyyət prospektində yola asfalt-beton örtük vurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Heydər Əliyev meydanında və Heydər Əliyev parkında əsaslı və cari təmir işləri tam başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir.