Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart-Azərbaycanlıların soyqırım günü

31 mart 2021 | 16:00

Xalqımızın Ümummili lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il 31 mart-Azərbaycanlıların Soyqırımı Günü geniş qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd, soyqırıma məruz qalmış günahsız insanların xatirəsini yad etmək, uzun illər obyektiv qiymətini almamış tariximizin təhrif olunmuş hadisələrinə nəzər salıb, nəticələr çıxarmaq və gələcək üçün vəzifələr müəyyən etməkdən ibarətdir.
   Tarixi araşdırmalar göstərir ki, ermənilər xarici havadarlarının köməyi ilə təkcə XX əsrdə xalqımıza qarşı dörd mərhələdə soyqırımlar törətmişlər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləməyə və deportasiyaya məruz qalmış, milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilmiş, düşmən tarixi torpaqlarımız hesabına ərazilərini genişləndirməyə nail olmuşlar.
   1917-ci il oktyabr çevrilişindən sonra azərbaycanlılara qarşı soyqırım planını reallaşdırmağa başlayan ermənilər “əks-inqilabçılarla mübarizə” şüarı altında 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyası ərazisində, Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edib. Qarabağ, Zəngəzur, Naxçıvan, Salyan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar həyata keçirib, əhaliyə divan tutublar.1918-ci ilin mart-aprel aylarında ermənilər ümumilikdə 50 min azərbaycanlını, 30 mindən çox soydaşımızı xüsusi amansızlıqla qətlə yetirib, 10 minlərlə insanı doğma yurdlarından qovub, evlərini yandırıb, mill-mədəni abidlərimizi məhv ediblər. Ermənilər tərəfindən Şamaxı qəzasının 58 kəndi, Quba qəzasının 122 kəndi, İrəvan quberniyasının 24 kəndi, Qars vilayətinin 92 kəndi yerlə-yeksan edilib. İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfər olduğu halda 1922-ci ildə 70 min nəfərə endirilmişdir.
   Ermənilərin törətdikləri soyqırım cinayətlərinin bəzi xarici dövlətlər tərəfindən dəstəklənməsi, kütləvi qətillərin qarşısının alınmaması, təcavüzkar ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyasını daha da gücləndirmişdir. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası ermənilərin daha da azğınlaşmasına və 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasına gətirib çıxarmışdı.
   1988-1990-cı illərdə də ermənilər 200 min nəfərdən artıq azərbaycanlını öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən insanlığa yaraşmayan vəhşiliklərlə qovub çıxardılar. Sumqayıtda, Bakıda qırğınlar törətdilər. 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız, dinc sakinləri qətlə yetirən silahlı qoşun birləşmələrinin tərkibi də əsasən ermənilərdən ibarət idi.
   Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə 366-cı rus alayının köməyi ilə Xocalıda misli görünməmiş qəddarlıqla yeni soyqırım törətdilər. Xocalı soyqırımında daha 613 nəfər azərbaycanlı dinc sakin vəhşicəsinə qətlə yetirildi.
   Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım, deportasiya və hərbi təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. Ən dəhşətlisi odur ki, ermənilər 2 milyondan artıq azərbaycanlını soyqırım siyasəti nəticəsində qətlə yetirdikləri halda, 100 ildən artıqdır ki, dünya ictimaiyyətinə “türklər tərəfindən erməni genosidi” haqqında böhtan dolu yalanlar uydururlar.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara hələ Azərbaycan Xalq Cumhuriyyəti dövründə siyasi qiymət vermək üçün cəhd edilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmiş azərbaycanlıların soyqırımı faciəsinin təhlili məqsədilə fövqəladə istintaq komissiyası yaradılmış, soyqırımın miqyasını və dəhşətlərini əks etdirən kifayət qədər faktlar, materiallar toplanmışdır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i ölkəmizdə ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməmişdir. Ermənilərin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları Qubada və digər ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar bir daha təsdiq edir. Həmin materialların dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində  tədbirlər bu gün də davam etdirilir.
   Ulu öndərimiz Heydər Əliyevin siyasi dəsti-xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın müvafiq qurumları ermənilərin məkirli niyyətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, ermənilərin ərazi iddialarını, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasını bütün dünya ictimaiyyətinə çatdırmışdır. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları əks etdirən tarixi faktlarla zəngin rəsmi sənədlər, fotoşəkillər, kitablar, audio-video materiallar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərə tərcümə edilərək xaricdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız, səfirliklərimiz, vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan icmaları,    Azərbaycan və Türk diasporları bu istiqamətdə birgə fəaliyyət göstərirlər.
Nəhayət görülən işlər, ardıcıl həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Ötən ilin sentyabr ayının 27-də ermənilərin növbəti təxribatlarına və təcavüzünə cavab verən Müzəffər Ordumuz Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə    44 gün ərzində hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Xalqımızın əldə etdiyi bu Tarixi Qələbə şəhidlərimizin ruhunu şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.
   Allah soyqırım qurbanlarına, bütün şəhidlərimizə rəhmət eləsin!

   Mətbuat xidməti

Keçidlər