Şirvan şəhər İcra Hakimiyyətinin başçısı COVİD-19 əleyhinə ikinci doza peyvənd olunub.
Respublikamızın bütün regionlarında olduğu kimi, Şirvan şəhərində də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Hazırda Şirvan şəhərində yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
31 mart 2021-ci il tarixdə peyvənd olunmaq məqsədilə Şirvan Mərkəzi Xəstəxanasına gələn Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova COVID-19 əleyhinə ikinci doza vaksin vurulub.
Vaksinasiyadan sonra gözləmə otağında gözləyən vətəndaşlarla səmimi söhbət edən İcra Hakimiyyətinin başçısı ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifah halı ilə yanaşı sağlamlığının da diqqət mərkəzində saxlanıldığını qeyd edib və ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirib. İnfeksiyanın yayılmasının qarşısının alınmasında hər kəsə üzərinə düşən işin məsuliyyətini dərk etməyi tövsiyə edib. Vətəndaşlar pandemiya ilə mübarizə çərçivəsində aparılan profilaktik tədbirlərə və virus əleyhinə vaksinin əhalinin müxtəlif qrupları üçün əlçatanlığının təmin edildiyinə görə Dövlət başçısı cənab İlham Əliyeva və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.