Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı
Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 59/1 saylı ünvanda yaşayan Əliyev Elçin Xanlar oğlunun 31.03.2021-ci il tarixdə Kanal24.az YouTube kanalında yayımlanan müraciətilə əlaqədar bildiririk ki, anadangəlmə gözdən əlil Elçin Əiyev müraciəti əsasında karantin rejiminin qaydaları gözlənilməklə dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş, qaldırdığı məsələlərin həlli istiqamətində ona zəruri köməkliklər olunmuşdur.
Elçin Əliyevin İcra Hakimiyyətinə ünvanladığı müraciəti əsasında onun yaşadığı fərdi evin təmiri üçün zəruri materialların alınmasına ayrılmış vəsait bank hesabına köçürülmüşdür.
Həmçinin maddi durumu nəzərə alınaraq ona 16.04.2020-ci il tarixdə ərzaq yardımı verilmiş, 2020-2021-ci dərs ilinin əvvəlində övladının məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunması məqsədilə 220 manat maliyyə köməkliyi olunmuş, 2020-ci ilin oktyabr ayında 200 manat birdəfəlik maddi yardım edilmiş və 19.03.2021-ci il tarixdə isə Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı verilmişdir.
Onun müraciəti əsasında 24.03.2021-ci il tarixdə bacısı oğlu azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun ailəsinə Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı verilmişdir. Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda olarkən həyat yoldaşı və bacısının işlə təmin olunmaları haqda müraciətləri də müsbət həll edilmişdir. Lakin Əliyev Elçin bununla kifayətlənməyərək 19.03.2021-ci il tarixində yenidən İcra Hakimiyyətinə gələrək ona 3000 min manat verilməyəcəyi təqdirdə bacısı oğlu ilə birlikdə meydanda özlərini yandıracaqlarını bildirmişdir və bu barədə 22 mart 2021-ci il tarixdə Kanal24.az YouTube kanalı vasitəsilə böhtan xarakterli müraciət paylaşmışdır.
Əldə olunan məlumata əsasən Elçin Əliyev bacısı oğlu azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun müalicəsi ilə əlaqədar köməklik göstərilməsi barədə Heydər Əliyev Fondu vasitəsilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zeynalov Yusif Rəşad oğlunun müalicəsi məqsədilə dövlət xəstəxanalarından birinə maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirmişdir. Lakin Əliyev Elçin Xanlar oğlu bacısı oğlu Zeynalov Yusif Rəşad oğlunun özəl xəstəxanada müalicə alacağını bildirmiş və Agentlikdən 15 min manat pul istəmiş, əks təqdirdə dövlət xəstəxanasında müalicədən imtina etmişdir.
Göründüyü kimi Əliyev Elçin Xanlar oğlunun şəhər İcra Hakimiyyətinin rəhbər və məsul əməkdaşları tərəfindən diqqətdən kənarda qalması barədə müraciəti əsassızdır, reallığı əks etdirmir.
Mətbuat xidməti