Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbədən 4 gün sonra şəhadətə qovuşan Mənəfli Əli hər zaman ürəklərdə yaşayacaqdır!

02 aprel 2021 | 16:00

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Elə ona görə də deyirlər ki, şəhid qanı ilə suvarılmayan torpaq zəfər bayrağı bitirməz.
   30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycan Respublİkasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sentyabrın 27-də başladığı genişmiqyaslı əks-hücum əməliyyatları tarixi Qələbə ilə başa çatdı. Mühüm strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərinin azad edildiyi gün tariximizə ən şanlı bir gün kimi yazıldı.
Şirvan şəhidi Mənəfli Əli Əflan oğlu da 44 günlük müharibədə qanıyla iz qoyan, azad olunan rayonlarımızda şanlı bayrağımızın dalğalanmasında xidməti olan igid oğullarımızdandır.
   Əli Mənəfli 2001-ci ilin oktyabrın 12-də Şirvan şəhərində dünyaya göz açıb. 2007-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2018-ci ildə 9-cu sinfi bitirən Əli təhsilini Şirvan Peşə liseyində davam etdirib. 2019-cu ildə təhsilini başa vurub və oktyabr ayında  Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Hadrutun  işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət və cəsarət nümunələri  göstərib. Noyabrın 14-də Şuşakənd yaxınlığında qəhrəmancasına şəhid olub. Qələbədən 4 gün sonra doğulub boya-başa çatdığı Şirvan şəhərində Şəhidlər Xiyabanında  izdihamla dəfn edilib.
   Ucaldığı müqəddəs şəhidlik məqamı ilə ölümünü ölümsüzləşdirən Əli Mənəfli torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
   Əli ailənin ikinci övladı idi. Mənəflilər ailəsinin ilk qız övladından 9 il sonra Əli doğulub. Anası Simuzər xanım üçün dünyanın ən gözəl hədiyyəsi idi oğlu. Uşaqlıqdan idmanın güləş növü ilə məşğul idi. Dəfələrlə idman yarışlarında birincillik qazanmışdı. Hərbiyə coşqun sevgi ilə bağlı idi. Hərbi xidmətə yola düşəndə sevincinin həddi-hüdudu yox imiş. Ən dərin, ən ülvi hiss olan vətənpərvərliyin, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Əli də belə mühütdə böyümüşdü. Ona görə də qızğın döyüşlər vaxtı telefon danışıqlarında ata-anasının narahatlığını bilib, onlara “Burda döyüşənlər məndən artıq deyil ki. Mən də bu vətənin övladıyam. Əgər şəhid olsam, ağlamayın...” -deyib. Əli də əksər şəhidlərimiz kimi hələ subay idi, toy xonçası tutulmamışdı. Ömrünün ən çiçəklənən çağını Qarabağın yenidən güllü-gülüstana çevrilməsinə bağışladı. Bacısı Məryəm deyir ki, qardaşı ilə  bağlı xatirələrlə danışmaq nə qədər çətin olsa da, həm də qürurvericidir. Əli də yaddaşlarda təbəssümü, cəsarəti, vətənsevərliyi qaldı.
   Bu gün nəyinki ailəsi, dostları, yaxınları, bütün xalqımız belə mərd, cəsur, aslan ürəkli oğullarımızla fəxr edir. Vətən müharibəsində Qələbənin əldə edilmıəsində misilsiz fədakarlıq nümunələri göstərməklə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçərək hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman oğullarımızın əziz xatirəsi millətimiz tərfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri və müharibə əlilləri dövlətin, eləcə də xalqın diqqət və qayğısı ilə əhatə olunur. Vətən sağ olsun deyib ömrünü canından çox sevdiyi Vətəninə fəda edənlər hər zaman ürəklərdə yaşayacaqdır.
   Şəhidlər ölməz, Vətən bölünməz!
   Allah rəhmət eləsin!   

   Mətbuat xidməti

Keçidlər