Vətən müharibəsi Şəhidi Şıxəliyev Elvin Sarvan oğlunun xatirəsi anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Şıxəliyev Elvin Sarvan oğlu olmuşdur.
Şıxəliyev Elvin Sarvan oğlu 06.06.1995-ci ildə Şirvan şəhərində anadan olmuşdur. O könüllü olaraq hərbi xidmətə getmiş, N saylı hərbi hissədə erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak edərək, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə yüksəlmişdir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Şıxəliyev Elvin Sarvan oğlunun ailəsi ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi şəhidi Şıxəliyev Elvinin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin atası Sarvan kişi Şıxəliyev Elvinin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, Elvin hələ uşaq yaşlarından vətənsevər gənc kimi böyümüş, erməni işğalçılarına qarşı əsil döyüşçü kimi formalaşmışdır. Yaxınlarına, qonşularına qarşı çox həssas olub. Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad edilməsinə görə” medallarına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini bildirdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq və təşəkkürünü ifadə etdi.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti