“Yaşıl marafon” çərçivəsində Şirvanda 2500 ağac əkilib
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin yaxınlığındakı meşə fondu torpağının 2 hektar ərazisində “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə yanaşı, IDEA İctimai Birliyinin nümayəndələri və könüllülər də iştirak ediblər.
İqlim şəraitinə uyğun olaraq 2500-dən çox göyrüş ağacı əkilib və əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası ölkə üzrə işğaldan azad edilən ərazilərimizdən biri olan Zəngilan rayonundan start götürüb və yaz, payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Yaz ağac əkini mövsümü başlayandan bugünədək respublikanın 120 hektar meşə fondu torpağında 150 mindən çox müxtəlif cinsli ağac əkilib, 2600 kiloqram toxum səpilib. Yeni ağaclar əsasən yaşıllıqların daha seyrək olduğu, vaxtilə meşə zolaqlarının yerləşdiyi ərazilərdə əkiləcək.