Şriftin ölçüsü :

Saytın rəngi :

Yaralanmağına baxmayaraq son nəfəsinə qədər döyüşən şəhid Məharət Həsənov.

05 aprel 2021 | 16:00

Toyuna bu qədər adam yığışmamışdı, dəfninə gələnlərin sayı-hesabı yox idi... 2020-ci ilin oktyabrın 15-də şücaətli, cəsarətli, mərd Vətən oğlu Məharət Həsənov Şirvan şəhər Şəhidlər Xiyabanında  böyük izdihamla uğrunda həyatını qurban verdiyi torpağa əmanət edilirdi. Təkcə doğmaları, dostları deyil, bütün şirvanlılar şəhidinin arxasınca göz yaşı tökürdü.
   Şəhid Məharət Ramil oğli Həsənov 1987-ci ilin oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. 2005-ci ilin oktyabr ayında  Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. 2007-ci ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra yeniyetməlik dövründən məşğul olduğu bərbərliyi özünə daimi peşə seçib. İşinə olan məsuliyyəti tezliklə adını şəhərdə tanıdır, yaşından asılı olmayaraq yanına gələnlər ona “əlləri qızıl usta” deyirlər. 2013-cü ilin aprel ayında ailə həyatı quran Məharət 2014-cü ildə dünyaya gələn oğluna atasının adını qoyur. 2019-cu ildə atasının xərçəng xəstəliyindən dünyasını dəyişməsi ilə ailənin bütün məsuliyyətini üzərinə götürməli olur. Ailənin ilk ovladı olduğu üçün anası Xurma xanıma həmsirdaş, bacıları Firəngizə, Laləyə, Mərhəmətə isə həm ata, həm böyük qardaş kimi qayğı göstərirdi.
   2020-ci ilin iyul ayında ermənilərin yeni ərazi iddiası ilə Tovuz rayonunun sərhədlərini atəşə tutması, əsgərlərimizlə birlikdə yüksək rütbəli zabitlərimizin şəhid olması xəbəri hər kəsin səbir kasasını doldurdu. General Polad Həşimovun şəhadəti onun əsgəri olmuş minlərlə gənci qisas hissi ilə  bir anda hərbi komissarlıqların önünə topladı. Gənclər şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək, Vətənimizi müdafiə etmək üçün Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdilər. Vaxtilə Polad Həşimovun əsgəri olmuş Məharət Həsənov da orduya ilk könüllü yazılan gənclərin sırasında idi. Dörd dəfə könüllü olaraq müraciət edən Məharət Həsənov, nəhayət sentyabrın 29-da döyüşə yollanır. Bu dəfə də manqa komandiri kimi Vətənin müdafiəsinə qoşulur, əsgərləri ilə birlikdə düşmənin canlı qüvvəsinin və döyüş sursatlarının məhv edilməsində iştirak edir. Döyüş yoldaşlarının dediyi kimi, yaralı əsgərləri döyüş zonasından  çıxarır. Yoldaşları nə qədər israr etsə də,  yaralanmağına baxmayaraq özü döyüşü tərk etmir.  Son damla qanına, axır nəfəsinə qədər döyüşərək oktyabrın 15-də şəhadət məqamına yüksəlir. Gözlərini həyata əbədi yummazdan qabaq dediyi son sözləri bu gün təkcə doğmalarının deyil, onu tanıyan hər kəsin ürəyini parçalayır: “Anama deyin, ağlamasın... Bir də qardaşıma söz vermişdim, toyunu özüm edəcəkdim, məni bağışlasın...”
   Noyabrın 10-da Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü sayəsində 30 il davam edən işğala son qoyuldu, Vətənimizin ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri Məharət Həsənov da Şanlı Zəfərimizə qanıyla imzasını yazdı.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Məharət Həsənovun da göstərdiyi qəhrəmanlıq, igidlik Ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə hər birimiz fəxr edirik. İgidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu Məharət kimi igid Vətən oğullarının timsalında görürük. Nə qədər ki, Azərbaycan xalqı var,       Məharət və şəhidlik zirvəsinə ucalan bütün oğullarımız qəlbimizdə əbədi yaşayacaqdır.
   Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!
   Şəhidlər ölməz, Vətən bölünməz!

   Mətbuat xidməti

Keçidlər