Şirvan şəhəri Bayramlı qəsəbəsinin sakinləri ilə görüş keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və millət vəkili İltizam Yusifov Bayramlı qəsəbəsində sakinlərlə görüşüb. Xüsusi karantin rejiminin tələbləri gözlənilməklə keçirilən görüşdə Şirvan Bələdiyyəsinin sədri, Bayramlı qəsəbə icra nümayəndəsi və digər xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Görüş zamanı İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və qeyd edib ki, keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Qəsəbə sakinləri qəsəbədaxili yolların təmiri və işıqlandırılması, barak evlərin yaşayış üçün yararsız olması və yeni mənzillərin tikilməsi, telefon və internet xətlərinin çəkilməsi, sakinlərin və uşaqların istirahəti üçün kiçik park salınması, avtobus dayanacaqlarının quraşdırılması, qəsəbə daxili ictimai nəqliyyat vasitələrinin iri tutumlu avtobuslarla əvəz edilməsi və digər məsələlərlə bağlı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət ediblər.
Qaldırılan məsələlərin həli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sonra sakinlərin istək və müraciətləri nəzərə alınaraq, Bayramlı qəsəbəsində yeni quraşdırılacaq dayanacaqlar və park üçün yer müəyyənləşdirilib, qəzalı “barak” tipli evlərə baxış keçirilib.
Qəsəbə sakinləri onların bir çox problemlərinin həllinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edib, onları narahat edən digər məsələlərin də tezliklə öz həllini tapacağına ümidvar olduqlarını bildiriblər.
Mətbuat xidməti