Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsində şəhadətə qovuşan Şirvanlı şəhid Ramil Əliyevlə hər birimiz qürur duyuruq.

12 aprel 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun şücaəti sayəsində sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına Zəfər sevincini bəxş etməklə yanaşı, cəsarətli, qəhrəman, şir ürəkli oğulları bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz sərkərdəsinin ətrafında “Dəmir yumruq” kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
   Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid Əliyev Ramil Vüqarəddin oğludur.
   Şəhid Ramil Əliyev 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. 2002-cü ildə Şirvan şəhəri Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Elə həmin ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuş, lakin bir il yarım təhsil aldıqdan sonra Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı şəhəri N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət etmiş, snayper, minamiyotçu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmiş, 2019-cu ildə Kolleci bitirmişdir. İslam dinininə, Allahın birliyinə və böyüklüyünə inanan Ramil inancını həyat tərzinə çevirmişdi. Dəfələrlə Kərbəla və Məşəd şəhərlərinə ziyarət etmiş, bir müddət Şirvan şəhərini təmsil edən zəvvarlara rəhbərlik etmişdir. Din və Allah yolunda şəhid olanların necə yüksək məqama sahib olduqları barədə yoldaşları ilə söhbət edərmiş. 2020-ci ilin iyul ayında cəbhənin Tovuz istiqamətində erməni hərbi birləşmələrinin növbət təxribatı nəticəsində general Polad Həşimov başda olmaqla Azərbaycan Ordusunun bir qrup hərbiçisinin şəhid olması xəbərindən hər kəs kimi Ramil də hiddətlənmiş, könüllü olaraq orduya yazılımışdı. Sentyabrın 29-da Vətəni qorumaq, şəhidlərin qisasını almaq arzusuyla Ramil də cəbhəyə yola düşdü. Torpaqlarımızın işğaldan azad olunması uğrunda ölümün gözünə dik baxan Ramil düşməni xeyli sayda itkilərə məruz qoysa da sonuncu mühasirədən çıxa bilmədi. Sən demə haqqında həmişə heyranlıqla danışdığı şəhadət məqamı onun öz qisməti imiş... 
Ramilin anası Xuraman xanım tibb bacısıdır, Vətən müharibəsi zamanı Şirvan Mərkəzi Xəstəxanasının tibb heyətinin tərkibində yüzlərlə yaralıya xidmət göstərmişdi. Neçə-neçə əsgərin yarasına məlhəm, başına sığal çəkən ana öz oğlunun son nəfəsində yanında ola bilmədi.
   Ramil Vüqarəddin oğlu Əliyev 5 noyabr 2021-ci ildə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn olundu. Müqəddəs amallar uğrunda canını fəda edən 24 yaşlı igid Vətən oğlu şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu.
   Döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 01 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə”  medallarına layiq görülmüşdür.
   Ramil subay idi. Anası və bacısı ona əmanət idi. O isə sahib olduğu hər şeyi Vətənə əmanət qoyub getdi. Babalarımızın bizə əmanət qoyduğu tarixi torpaqlarımızı azad etmək, gələcək nəsillərə bütöv Vətən bəxş eləmək, qürurumzu və ümidimizi geri qaytarmaq üçün canını fəda etdi. 
   Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhid Ramil Əliyev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır.
   Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!

   Mətbuat xidməti

Keçidlər