Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Vətən müharibəsi qaziləri ilə növbəti görüş keçirilib.

14 aprel 2021 | 16:00

14 aprel 2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətində  daha bir qrup Vətən müharibəsi qazisi ilə görüş keçirilib. Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev, ictimai təşkilat rəhbərləri və İcra Hakimiyyətinin məsul işçiləri  iştirak edib.
   Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsində qazanılan Zəfər münasibətilə qaziləri bir daha təbrik edib və xidməti borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib. Hərbi Qənimətlər Parkının açılışında Dövlət başçısının müharibə iştirakçılarına müraciətindən “Siz dünya azərbaycanlılarının qürurunu qaldırdınız” sitatını diqqətə çatdıraraq, qələbənin əldə olunmasında xidməti olan bütün əsgər və zabitlərimizin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini, onların böyük əksəriyyətinin orden və medallarla təltif edildiyini, sosial problemlərinin həlli istiqamətində qısa müddətdə bir çox sərəncamlar imzalandığını qeyd edib. Bildirib ki, “Yaşat” Fondunun  və yerli icra hakimyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsi şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz örnəyidir. Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi əməliyyata və müalicəyə ehtiyacı olan yaralıların bir çoxunun dünyanın ən nüfuzlu tibb müəssisələrinə göndərildiyini vurğulayıb. Şirvan şəhərində də qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, qeyd edib ki, Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupları tərəfindən şəhid ailələri və qazilər mütəmadi ziyarət olunur, onların sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
   Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən qazilər onları narahat edən məsələləri şəhər rəhbərliyinin diqqətinə çatdırıblar. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qazilərin problemlərinin bir qisminin tezliklə həll olunması üçün aidiyyəti üzrə göstəriş verib, digər mühüm məsələlərlə bağlı “Yaşat” fonduna müraciət edilməsinin vacibliyini bildirib.
   Görüşdə iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox  hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.   

   Mətbuat xidməti

Keçidlər