Şirvan şəhidi Yusif Cəfərovun cənnətdəki ilk doğum günü qeyd olunub.
Bu gün Vətən müharibəsində qəhrəmancasında döyüşərək şəhadətə qovuşan Cəfərov Yusif Mübariz oğlunun cənnətdə ilk doğum günüdür. Yaşasaydı 25 yaşı tamam olacaqdı.
Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Elvin Balayev, Aynur Fərzəliyeva, Samirə İsmayılova, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev və könüllü gənclər şəhidin böyüdüyü evində olub, anası ilə görüşüblər. Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, belə bir dəyanətli, cəsur oğul böyütdüyü üçün anası Gülbəniz xanıma minnətdarlıq ediblər.
Şəhidin yaxınları ilə söhbət zamanı onunla bağlı xatirələrini bölüşüblər. 25 aprel 1996-cı ildə Şirvan şəhərində anadan olan Yusifin 3 yaşında ikən atası vəfat edib. Yusif Gülbəniz xanımın gözünün ağı-qarası yeganə övladı idi, bütün insani keyfiyyətlərə malik, savadlı, təhsilli, cəsarətli, mərd, vətənpərvər oğul böyütmüşdü. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə bitirən Yusif elə həmin il Mingəçevir Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olub. Məzun olduqdan sonra həqiqi hərbi xidmətini ləyaqətlə yerinə yetirib. Xalqımızın neçə-neçə mərd oğulları kimi o da 2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində düşmənə qan uddurmaq üçün cəbhəyə yollanıb. Zəngilan, Qubadlı, Cəbrayıl döyüşlərində xüsusi qəhrəmanlıq nümunələri göstərib, döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Şücaətli Vətən oğlu 4 noyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Şəhidin anasına Allahdan səbir diləyən qonaqlar qeyd ediblər ki, Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Şirvan şəhərində də hər zaman örnək götürülür. Şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq, Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Yusif kimi oğullarımızın daim qəlblərdə yaşayacağını söyləyən qonaqlar Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Yusifin xatirəsinin daim əziz tutulacağını bildiriblər. Şəhidlik zirvəsinə ucalan Yusifin təkcə şirvanlıların , doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıblar.
Şəhid ansı Gülbəniz xanım şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Yusifin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Sonra şəhid Yusif Cəfərovun Şəhidlər xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə çiçəklər düzülüb.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!