Şirvan şəhərində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb.
27 aprel 2021-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə “Nur dolu ömür” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib. Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən sərgidə şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin rəsmləri nümayiş olunub. Pandemiya qaydalarına əməl edilməklə təşkil olunan sərgidə nümayiş olunan rəsm əsərləri əsl Azərbaycan xanımı, gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr edilib.
Sərgini giriş sözü ilə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Fərzəliyeva açaraq, akademik, oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən, oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Qeyd edib ki, geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə xanım ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. İnsanların gözlərinə nur bəxş etməsi onun qəlbindəki humanizm duyğusunun və həssaslığının peşəsində təzahürü idi.
Sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Əziz Abbasov, şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev sərgi barədə təəssüratlarını bölüşərək, Azərbaycan dövlətçilik tarixinin böyük şəxsiyyətləri Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, cənab Prezident İlham Əliyevin anası Zərifə xanım Əliyevanın keçdiyi həyat yolunun gənclərə örnək olduğunu, illər keçsə də xatirəsinin daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar.
Sərgidə nümayiş olunan rəsm əsərlərininin müəllifləri-şəhər ümumtəhsil məktəblərinin şagirdləri Ayla Mahmudova 1-ci yerə, Nəzrin Poladova 2-ci yerə, Suma Vahidova və Mirsəkinə Yusifova 3-cü yerlərə layiq görülüblər və fəxri fərmanlarla təltif ediliblər.
Qeyd edək ki, Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş sərgi 3 gün davam edəcək.
Mətbuat xidməti