Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş rəsm sərgisi davam edir
Respublikamızın paytaxt və regionlarında olduğu kimi Şirvan şəhərində də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan “Nur dolu ömür” adlı rəsm sərgisinin nümayişi davam edir. Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə idarə və müəssisələrin əməkdaşları, şəhər sakinləri gün ərzində sərgidə iştirak edir, istedadlı alim, təcrübəli həkim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş rəsm əsərləri ilə tanış olurlar.
29 aprel 2021-ci il tarixdə Şirvan Mərkəzi Xəstəxanasının tibb işçiləri, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov və kollektivi, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları və şəhər Təhsil Şöbəsinin işçiləri Heydər Əliyev Mərkəzini ziyarət edib, sərgi ilə tanış olublar. Sərgidə iştirak edən idarə və müəssisə rəhbərləri Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər barədə danışıblar. Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, Ulu Öndər Heydər Əliyev üçün ömür yoldaşı, sadiq dost, övladları üçün qayğıkeş ana və nənə, onu tanıyanlar üçün isə əsl insanlıq nümunəsi olması xüsusi vurğulanıb. Qeyd olunub ki, göz xəstəlikləri üzrə elmi-tədqiqat işləri akademik Zərifə xanım Əliyevaya böyük şöhrət gətirib və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırıb. Fitri istedada malik alim, sözün yüksək anlamında pak və nəcib insan olan Zərifə xanımın xatirəsinin xalqımız tərəfindən həmişə əziz tutulacağı diqqətə çatdırılıb.
Sonda qonaqlar sərgidə nümayiş olunan rəsm əsərləri barədə təəssüratlarını bölüşüblər və Zərifə xanımım həyat yolunun müxtəlif məqamlarını əks etdirəcək yeni əsərlərin yaradılması üçün müəlliflərə tövsiyələr veriblər.
Mətbuat xidməti