Şirvanda vaksinasiya olunanların sayı artır.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya kampaniyası respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də uğurla davam etdirilir.
Əhalinin COVID-19-a qarşı vaksinasiya kampaniyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün Şirvan Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, əhalinin peyvəndlənməsinin həyata keçirilməsi məqsədilə Şəhər Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Hazırda Şirvan şəhəri üzrə tibb işçilərinə, həmçinin yaşı 50-dək, 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 11824 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 8207, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2735 nəfərdir.
Məlumat üçün qeyd edək ki, vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Mətbuat xidməti