Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Çernobıl faciəsinin 35-ci ildönümü qeyd olunub.

01 may 2021 | 16:00

Aprelin 30-da Şirvan Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə XX əsrin ən dəhşətli qəzalarından olan  Çernobıl faciəsinin 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən bir qrup şəhər sakini ilə görüş keçirilib.
   Öncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Çernobıl  Əlillləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər Təşkilatının sədri və üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
   Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilən görüş Azərbaycan Respublikasının  ərazi  bütövlüyü, müstəqilliyi   uğrunda   şəhid  olanların və Çernobıl faciəsi  qurbanlarının   əziz  xatirəsinin   bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
   Görüşdə çıxış edən Şirvan Şəhər   İcra  Hakimiyyəti  başçısının  müavini Məharət Mustafayev 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobıl atom elektrik stansiyasında baş verən nüvə qəzasının nəticələrinin aradan qaldırılması məqsədilə fəlakət zonasına göndərilən neçə-neçə həmyerlimizin radioaktiv şüalanmaya məruz qalaraq vəfat etdiyini, yüzlərlə azərbaycanlı gəncin ömürlük əlil olduğunu diqqətə çatdırıb və qeyd edib ki, hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir.
   İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Adəm Hüseynov çıxış edərək,  ölkəmizdə Çernobıl əlillərinə göstərilən diqqət və qayğının məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanuna və Möhtərəm Prezidentimiz Cənab  İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.
   Şəhər İcra Hakimiyyətinin əməkdaşı Aynur Fərzəliyeva Şirvan şəhər rəhbərliyi tərəfindən Çernobıl iştırakçılarına göstərilən diqqət və qayğıdan, onların müraciətlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
   Görüşdə  çıxış edən Çernobıl  Əlillləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər Təşkilatının sədri Tofiq Məlikov cəmiyyət üzvləri adından onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
   Çernobıl faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Çernobıl iştirakçısı olan hər bir Şirvan sakininə maddi yardım göstərilib.

   Mətbuat xidməti

Keçidlər