Şirvan şəhərində şəhid ailələri ilə görüş keçirilib.
5 may 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. Xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, ictimai təşkilat rəhbərləri və İcra Hakimiyyətinin məsul işçiləri iştirak edib.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə şirvanlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsi şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsidir.
Söz “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Elvin Balayevə verilib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirib. Şəhər İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən şəhər ərazisində yaşayan şəhid ailələrinin mütəmadi ziyarət olunduğunu, onların qayğıları ilə maraqlanıldığını, ailələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görülüdüyünü diqqətə çatdırıb.
Sonra “Şirvan şəhərində Vətən müharibəsinin izləri” adlı videoçarx nümayiş olunub. Videoçarxda Şirvan ictimaiyyəti tərəfindən şəhidlərin son mənzilə izdihamla yola salınması, şəhər rəhbərliyinin şəhid ailələri ilə görüşləri, Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işləri və s. öz əksini tapıb.
Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin problemləri və onları narahat edən məslələri dinləyib. Səslənən müraciətlər arasında bir neçə şəhid yaxınının işlə təminatı, şəhid adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb. Xatirə lövhələrinin düzəldilməsi üçün hər bir Vətən müharibəsi şəhidinin ailəsinə İcra Hakimiyyətinin başçısı tərəfindən müəyyən məbləğdə maddi vəsait ayrıldığı bildirilib.
Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti