Vətən müharibəsi Şəhidi Mənəfli Əli Əflan oğlunun xatirəsi anıldı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Mənəfli Əli Əflan oğlu olmuşdur.
Mənəfli Əli Əflan oğlu 12.10.2001-cı ildə Şirvan şəhərində anadan olmuşdur. O, 18 nömrəli tam orta məktəbdə təhsil almış, vətənpərvər gənc kimi yetişmişdir. Əli Mənəfli təhsil aldığı müddətdə özünü nümunəvi şagird kimi aparmış, idmanla məşğul olmuşdur. Hərbi xidmətə getmiş, N saylı hərbi hissədə xidmət etmişdir. O, erməni təcavüzünə qarşı döyüşlərdə iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə ucalmışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Mənəfli Əli Əflan oğlunun ailəsi ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi şəhidi Mənəfli Əlinin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin atası Əflan kişi və anası Simuzər xanım Mənəfli Əlinin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Bildirdilər ki, Əli öz valideynlərinə, ailə üzvlərinə, qonşularına qarşı çox həssas olub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin.