Şirvanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü geniş qeyd olundu.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də geniş qeyd edilir.
Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq, xüsusi karantin rejiminin qaydaları gözlənilməklə şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər, video-konfranslar, sərgilər təşkil edilir. Onun elmi-nəzəri irsi, idarəetmə fəlsəfəsi öyrənilir.
10 may 2021-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirildi. Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və ictimai-siyasi qurumların nümayəndələri Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla, onun 98-ci ildönümünə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Sonra Şirvan “Şəhidlər Xiyabanı”nda və yenidən qurulmaqda olan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında könüllülərin iştirakı ilə ağacəkmə aksiyasında iştirak etdilər.
Şirvan Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün mənəvi xəzinədir” mövzusunda keçirilən konfransda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışdı. Müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə, ictimai-siyasi vəziyyətin sabitləşməsinə yönəlik fəaliyyətinin prioritet istiqamətlərini qeyd etdi. Konfransda çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün müstəqil dövlətçiliyə sədaqət rəmzi, mənəvi xəzinə olduğunu, bu günümüzə, gələcəyimizə nur saçan siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdılar. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən azad edildiyini, ata vəsiyyətinə əməl olunduğunu vurğuladılar.
Sonda Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.
Mətbuat xidməti