Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ramazan bayramı münasibəti ilə şəhər sakinlərini təbrik edib.
Əziz Şirvanlılar,
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi çatdırıram.
İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı xaqımızın mənəvi dünyasında xüsusi yer tutur. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu bu ay bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq təlqin edir. “11 ayın sultanı” adlandırılan Ramazan ayı həm də insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması, ruhun tərəqqisi dövrü hesab edilir.
Bu il mübarək Ramazan ayı xalqımız tərəfindən daha böyük fərəh hissi və könül xoşluğu ilə yola salınır. Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsindən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.
Əziz bacılar və qardaşlar,
Hər birinizi pandemiya səbəbindən həmrəylik və xeyirxahlığın təcəssümü olan Ramazan bayramında dini ayinlərin icrası və iftarlarla bağlı qaydalara riayət etməyə çağırıram. İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Allah dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.
Həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilən Şirvanlıları bir daha bayram münasibəti ilə təbrik edir, oruc və ibadətlərinizin qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyirli-bərəkətli günlər arzulayıram.
Ramazan bayramınız mübarək olsun!
Hörmətlə,
İlqar Abbasov