Şəhid Quliyev Natiq Həzi oğlunun ailəsi ziyarət olundu.
Quliyev Natiq Həzi oğlu 11.06.1975-ci ildə Şirvan şəhərində anadan olmuşdur. O könüllü olaraq hərbi xidmətə getmiş, N saylı hərbi hissədə xidmət etmişdir. Quliyev Natiq Həzi oğlu erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəsinə ucalmışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Şəhid Natiq Quliyevin ailəsi ziyarət edildi.
Ziyarət zamanı Şəhid Natiq Quliyevin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin atası Həzi kişi Şəhid Natiq Quliyevin vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, Natiq öz ailə üzvlərinə, yaxınlarına qarşı çox həssas olub. Ağdərə rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edilib. Dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri yaxından iştirak edib. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbrüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti