Şriftin ölçüsü :

Saytın rəngi :

Uğrunda şəhid olduğun torpaqda rahat uyu, kiçik gizir Zülfüqarlı Zeynal !

20 may 2021 | 16:00

Xalqımızın milli birliyi və həmrəyliyi, dövlət başçımızın müdrikliyi və qətiyyəti, Silahlı Qüvvələrimizin döyüşkənliyi və vətəpərvərliyi ilə böyükdən kiçiyə hər bir vətəndaşımızın qəlbində acı nisgilə dönən, düşmənin cəhənnəmə çevirdiyi cənnət Qarabağımız 30 illik mürdar tapdaqdan xilas edildi. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə təkçə xalqımızın parçalanaraq tarixi bəlalara düçar olduğu son iki əsrin deyil, sivil dövlətçilik tariximizin son iki minilliyinin də ən çətin və ən önəmli zəfəri sayılır.
   Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanının Azərbaycan əsgəri və zabiti olduğunu vurğulayıb. Torpaqlarımızın azad edilməsi naminə haqq savaşımızda ləyaqətlə vuruşaraq canını fəda edən və şəhadətə yüksələn cəsur Vətən övladlarından biri də Zülfüqarlı Zeynal Alim oğludur.
   Şəhid Zülfüqarlı Zeynal Alim oğlu 1995-ci ilin mayın 31-də Sabirabad rayonunun Qaratoyuq kəndində anadan olub. 2001-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 6-7-ci sinifləri 21 nömrəli tam orta məktəbdə oxuyan Zeynal 9-cu sinifdə təhsilini yenidən 18 nömrəli tam orta məktəbdə davam etdirib. Məktəbi bitirdikdən sonra 2010-2014-cü illərdə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecində (hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci) Balıqçılıq ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. 1 il Bakı şəhəri Pirəkəşkül qəsəbəsində xidmət keçib. Hərbi xidmətdə olduğu dövrdə cəbhə xəttində 2016-cı ilin Aprel döyüşləri baş verir. Könüllü olaraq döyüşlərdə iştirak etmək istədiyini bildirir. Həmin döyüşlərdə sağlığında tanıdığı Milli Qəhrəman Murad Mirzəyevin ölümü Zeynala çox pis təsir edir. Aprel döyüşlərində ordumuzun şücaəti, qəhrəmanlarımızın yarım qalan qisas hissi onun həyatını hərbiyə bağlayır. 2017-ci ildən XTQ-də qulluq etməyə başlayır. Kiçik gizir Zeynal 2020-ci ilin sentyabrın 25-də ailəsi ilə sonuncu dəfə görüşüb və təlimə getdiyini bildirib. Oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmin gün Şəhidlər Xiyabanında şirvanlılar qürur hissi ilə və böyük izdihamla Vətən övladını uğrunda öldüyü torpağa əmanət etdilər.
   Atası Alim kişi, anası Şəlalə xanım Zeynal haqqında danışmaqdan yorulmurlar. Valideynləri ilə söhbət etdikcə onların dövlətçiliyimizə, müstəqilliyimizə, torpaqlarımızın müdafiəsinə necə bağlı olduqlarının şahidi olursan, Aydın olur ki, Zeynalın şücaəti və mətinliyi təsadüfi deyil. Ailədə 5 övladdan biri olan Zeynalın adı 4-cü İmam Zeyalabidin adına ithafən qoyulub. Bütün şəkillərindən təbəssümlə boylanan nur çöhrəli şəhidimiz uşaqkən də ailədə xüsusi keyfiyyətləri ilə seçilib, hərbiçi olduqdan sonra da xidmət etdiyi hərbi hissənin sevimlisinə çevrilib. Xüsusi təyinatlı qüvvələrə öyrədilən özəlliklər onun canında, qanında var idi. Zeynalın təkcə böyüdüyü ailədə deyil, həm də yaxın qohumlarının sırasında xeyli sayda hərbiçi hazırda da Vətənə xidmət edir. Bacısı Xəyalə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şirvan  Dövlət Yanğından Mühafizə Dəstəsində, bacısının həyat yoldaşı Elgün XTQ-də, qardaşı Vasif Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətində, qardaşı Nasif Şirvan Regional Elektrik Şəbəkəsində işləyir. Evin sonbeşiyi Səməd hazırda orta məktəbdə oxuyur. Zeynal yenicə ailə qurmuşdu. 2019-ci ilin dekabrın 2-də Zeynalın toyuna toplaşanların ağlına da gəlməzdi ki, 10 aydan sonra o sevinc, xoşbəxtlik yarım qalacaq, minlərlə insan onu son mənzilə yola salmağa toplaşacaq. Onun şəhid olmasından düz 8 gün sonra yolunu səbirsizliklə gözlədiyi oğlu dünyaya gəlib. Elə şəhidin övladına atasının şərəfinə Zeynal adı verilib. Balaca Zeynalın dünyaya gəlişindən təsəlli tapan ailəsi hər iki Zeynalın yaşaması,  Zülfüqarlı Zeynal Zeynal oğlunun da atası kimi Vətənə layiqli, şərəfli övlad olaraq böyüməsi üçün başlarını məğrur tuturlar. Çünki biz bir ölər, min dirilərik.
   Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, kiçik gizir Zülfüqarlı Zeynalın da göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, sağlığında isə Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.
   İllər keçdikcə Zeynal və onun kimi minlərlə mübariz vətən oğullarının qanı bahasına işğaldan azad edilən torpaqlarımız yenidən abadlaşacaq, cənnətə çevriləcək. Amma Vətənimizin göylərində dolaşan şəhidlərimizin əziz xatirələri daim bizimlə olacaq, hər il qeyd edəcəyimiz Zəfər Gününə görə onlara borclu olduğumuzu heç bir zaman unutmayacağıq.
Sən rahat uyu, əziz Zeynal, uğrunda öldüyün torpaq və canından parça olan övladın bizə əmanətdir !
   Şəhidlər ölməz, Vətən bölünməz!

   Mətbuat xidməti

 

 

Keçidlər