Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Əliyev Ramil Vüqarəddin oğlunun xatirəsi anıldı.

21 may 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Əliyev Ramil Vüqarəddin oğlu olmuşdur.
   Əliyev Ramil Vüqarəddin oğlu 09.12.1996-cı Hacıqabul rayonunda anadan olmuşdur. O, Şirvanda 9  nömrəli tam orta məktəbdə təhsil almış, vətənpərvər gənc kimi yetişmişdir. Ramil Əliyev təhsil aldığı müddətdə özünü nümunəvi şagird kimi aparmış, idmanla məşğul olmuşdur. 2013-cü ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olmuşdur. Sonra hərbi xidmətə getmiş, N saylı hərbi hissədə xidmət etmişdir. O, erməni təcavüzünə qarşı döyüşlərdə iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə ucalmışdır.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Əliyev Ramil Vüqarəddin oğlunun ailəsi ziyarət edildi.
   Ziyarət zamanı Vətən müharibəsi şəhidi Ramil Əliyevin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
   Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyəti  Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Şəhidin anası Xuraman xanım Ramil Əliyevin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, Ramil Kərbəla ziyarətində olub. Öz valideynlərinə, ailə üzvlərinə, qonşularına qarşı çox həssas olub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
   Allah Şəhidlərimizə rəhmət eləsin.

   Mətbuat xidməti

Keçidlər