Vətən müharibəsində şəhid olan evin tək övladı Yusif Cəfərovun şərəfli ömür yolu dastana döndü...
Şəhidlik əbədiyyət zirvəsidir. Ona görə illər ötsə də, nəsillər bir-birini əvəz etsə də öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik məqamına yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar.
Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda gözünü qırpmadan canını fəda edən şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin borcudur. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şücaətli oğullardan biri də Şirvan şəhidi Yusif Cəfərovdur.
Vətən müharibəsi şəhidi Yusif Mübariz oğlu Cəfərov 1996-cı ilin aprelin 22-də Şirvan şəhərində anadan olub. Atası Mübariz Birinci Qarabağ müharibəsində döyüşərək 1992-ci ildə yaralanmış, uzun müddət müalicələr alsa da Yusifin 3 yaşında ikən dünyasını dəyişib. Yusif Gülbəniz xanımın gözünün ağı-qarası yeganə övladı idi. Gülbəniz xanım bütün arzularını, ümidlərini, xəyallarını, hər şeyini Yusifə bağlamışdı. Yusif də kiçiik yaşlarından ağlı, tərbiyyəsi, davranışları ilə anasının tənha həyatına nur saçırdı. 2002-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olan Yusif ilk gündən dərslərinə məsuliyyətlə yanaşır, hər zaman hazırlıqlı olmağa çalışırdı. Orta məktəb illərində müəllimlərinin və sinif yoldaşlarının hörməti qazanmışdı. Yusifin yaradıcılıq istedadı var idi. Gözəl şeirlər yazaır, rəsmlər çəkirdi. Hətta atasının adını özünə təxəllüs də seçmişdi-Yusif Mübariz. İntizamı, prinsipiallığı, zəhməti tezliklə ona tələbə adını qazandırır. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur və 2017-ci ildə ali təhsilini başa vurur. 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır və 1 il əsgər kimi Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin çağırışı ilə sentyabrın 30-da cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərir. Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olan Yusif Cəfərov 2020-ci ilin noyabrın 4-də Şirvan Şəhər Şəhidlər Xiyabanında izdihamla torpağa tapşırılır. Uğrunda can verdiyi torpaq igid oğlunu öz ağuşuna alır.
Anası Gülbəniz xanım Yusifin böyük insan olacağına o qədər inanırdı ki... Yusif də onun istədiyi kimi oğul oldu, ağıllı, savadlı, ali təhsilli, qeyrətli, vətənpərvər. Daha yüksək məqama çataraq təkcə anasının, el-obasının deyil, bütün Azərbaycanın başını uca etdi. 30 ilə yaxın düşmən tapdağında olan torpaqların azad edilməsində canını-qanını fəda edərək adını tarixə şərəflə yazdı. Yusif ailənin tək övladı olduğuna görə Gülbəniz xanım “Evimin çırağı söndü...” desə də, Yusif kimi oğulların sayəsində azad edilən torpaqlarımıza Günəş əbədi şəfəqlərini saçdı, Qarabağımız qaranlıqdan xilas oldu. Balasının məzarı başında yanıqlı-yanıqlı laylay deyən anaya təsəlli üçün sözlər kifayət etməz, amma əminəm ki, Yusif şəhidlik zirvəsindən boylanaraq şəhidlərin ölmədiyini, Allah qatında diri olduğunu hansısa bir şəkildə anasına çatdırmaq istəyər. Allah bütün şəhid analarına səbir versin.
Yusif Mübariz oğlu Cəfərov hərbi hissə rəhbərliyinin və döyüş yoldaşlarının xatirəsində mətin, mübariz, cəsarətli əsgər kimi qalıb. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə Yusifin xidmətləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Yusif Cəfərovun şəhidlikdən sonra tamam olan 25 yaşı cənnətdəki ilk doğum günü kimi qeyd edildi. Ailəsi, yaxınları, döyüş yoldaşları və Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, önünə tər gül dəstələri düzdülər. Onu tanıyanlar xatirələrini bölüşdülər, belə dəyanətli, cəsur oğul böyütdüyü üçün anasına minnətdarlıq etdilər.
Yusifin xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq, onun vətənə məhəbbəti və qəhrəmanlığı gələcək nəsillərə örnək olacaqdır.
Ruhu şad, məkanı cənnət olsun!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti