“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda onlayn seminar keçirilib.
26 may 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Beynəlxalq ailə günü”nün qeyd olunması, məişət zorakılığının qarşısının alınması, ailə dəyərlərinin təbliği məqsədilə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda onlayn seminar təşkil olunub.
50 nəfərdən çox gəncin iştirak etdiyi tədbirdə şəhər İcra Hakimiyyətinin əməkdaşı, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorunq qrupunun sədri Samirə İsmayılova, şəhər Qeydiyyat şöbəsinin müdiri Bəhmən Quliyev, Şirvan Gənclər Evinin direktoru Əfqan Quliyev çıxış edərək ölkəmizdə ailə dəyərlərinin qorunmasına göstərilə diqqət və qayğıdan, erkən nikahın fəsadlarından, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar. Son dövrlər boşanma hallarının çoxluğunun ailə genefonduna mənfi təsir göstərdiyini qeyd edən natiqlər gəncləri ailə qurarkən daha çox diqqətli olmağa, ailədə sülh və dözümlülük mədəniyyətinə əməl etməyə, xüsusilə qızları təhsilə önəm verməyə çağırıblar. Ziyanlı vərdişlərin sağlam ailənin formalaşmasına mənfi təsir göstərdiyini, uşağın şəxsiyyət kimi inkişafına mane olduğunu qeyd ediblər. Seminarda ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsinin dövlətimiz tərəfindən qanunlarla həyata keçirildiyi, ər və arvad hüquqlarının bərabər olduğu diqqətə çatdırılıb. Beynəlxalq Ailə Gününün qeyd olunmasında məqsədin insanların diqqətini ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyi vurğulanıb.
Sonra çıxış edən Natiq Əliyev, Aidə Əsədova, Samirə Yolçuyeva bildiriblər ki, sağlam ailənin formalaşması üçün ilk öncə sağlam gənclik yetişməli, hər kəs öz vəzifə və öhdəliklərini bilməli, yüksək təhsil almalı, dünya görüşünü, intellektual biliklərini inkişaf etdirməli və xüsusilə öz hüquqlarını bilməlidir.
Diskusiya şəraitində keçən onlayn seminarda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Mətbuat xidməti