Şriftin ölçüsü :

Saytın rəngi :

28 May-Respublika Günüdür!

28 may 2021 | 16:00

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından  yüz üç il ötür. Bu il 28-May Respublika Günü ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın qanunsuz erməni işğalından azad olunmasından sonra daha yüksək fərəh və təntənə ilə qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradılması Azərbaycan xalqı üçün tarixi bir hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmiz və xalqımız üçün növbəti şərəfli qələbə və tarixi nailiyyətdir. Bu günümüzdən  103 il əvvələ boylandıqca qürur və iftixar hissi keçiririk.
   Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ulu Öndər deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
   Ümummilli Liderin bu siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir. Azərbaycan Respublikası hazırda dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, cox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tezliklə azad edilmiş ərazilərimiz də Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə və əsl cənnətə çevriləcəkdir.

   Mətbuat xidməti

 

Keçidlər