Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı

31 may 2021 | 16:00

Şirvan şəhərinin Bayramlı qəsəbəsində, Sabir küçəsi 5 saylı ünvanda yaşayan Eyvaz Yəhya oğlunun 29 may 2021-ci il tarixdə “YouTube” kanalında yayımlanan müraciəti ilə əlaqədar bildiririk ki, radikal mövqeyi ilə fərqlənən Eyvaz Yəhya oğlu müraciəti əsasında xüsusi karantin rejiminin qaydaları gözlənilməklə, dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, qaldırdığı məsələlərin həlli istiqamətində ona zəruri köməkliklər olunmuşdur.
   “YouTube” kanalında yayımlanan video mürciət efirə gedəndən sonra aidiyyəti qurumlar məsələdən xəbər tutaraq hərəkətə keçmiş, Şirvan şəhərinin Bayramlı qəsəbəsindəki Sabir küçəsi 2 saylı ünvanda yerləşən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının çirkab sularının axıdılması üçün 2014-cü ildə qazılmış “şambo” xüsusi təyinatlı texnikanın köməyi ilə təmizlənmiş, sakinlərin narazılığı aradan qaldırılmışdır.
Səhəri günü Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti qurumların rəhbər və məsul əməkdaşlarının iştirakı ilə Bayramlı qəsəbəsinə gəlmiş, həmin binanın bir qrup sakini ilə görüşmüşdür. Şəhər İcra Hakimiyyətinin başçısı görüşdə iştirak edən sakinləri və Eyvaz Yəhya oğlunu qəbul edib dinləmişdir.
   Sakinlərə bir daha izah edilmişdir ki, Bayramlı qəsəbəsində kanalizasiya sistemi olmadığı üçün fərdi evlərdə yaşayan vətəndaşlar kimi ictimai yaşayış binalarının sakinləri də çirkab suların axıdılması məqsədi ilə qazılmış “şambo”lardan istifadə edirlər. Bayramlı qəsəbəsi, Sabir küçəsi 2 saylı bina da Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilib 2014-cü ildə istifadəyə verilərkən sakinlər “şambo”nu öz vəsaitləri hesabına təmizləyəcəkləri barədə öhdəlik götürüblər. Ona görə də onlar kommunal xərclərini ödəməkdən azad olunublar. Buna baxmayaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov problemin aradan qaldırılması istiqamətində aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinə zəruri tapşırıqlar verdi. Kanalizasiya sularının axıdılması üçün yeni “şambo”nun qazılması məqsədi ilə yerin ayrılması barədə göstəriş verdi.
   Qəsəbədə məişət tullantılarının yığılması üçün xüsusi kanteynerlərin ayrıldığını, yeni avtomobil dayanacağının inşa ediləcəyini bildirdi. Şirvan şəhərinin, o cümlədən Bayramlı qəsəbəsinin küçələrində yeni işıqlandırma sisteminin yaradılacağı barədə dövlət səviyyəsində görülən işlər haqqında məlumat verdi. İşsiz vətəndaşların işlə təmin olunması istiqamətində dövlət səviyyəsində görülən tədbirlərdən, “DOST” MMC-nin xətti ilə ictimai işlərə cəlb olunan sakinlərin sayının artırılması barədə  görülən işlərdən danışdı.
   Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.

   Mətbuat xidməti

Keçidlər