Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun xatirəsi anıldı

03 iyun 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də İsmayılzadə Şəhriyar Əkbər oğlu olmuşdur.
   İsmayılzadə Şəhriyar Əkbər oğlu 07.07.1994-cü ildə Əli Bayramlı şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuş, 12 №-li tam orta məktəbdə oxumuş, məktəbi qurtardıqdan sonra hərbi xidmətə getmiş, torpaqlarımızın müdafiəsində iştirak etmişdir. Hərbi xidmətdən sonra şəxsi təsərrüfatlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. İsmayılzadə Şəhriyar Əkbər oğlu 29 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə səfərbər edilmiş, Füzuli, Cəbrayıl və Şuşa ətrafında gedən döyüşlərdə fədakarlıq nümunələri göstərmişdir. 08.11.2020-ci il tarixdə Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. 10.11.2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun ailəsi də ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi Şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
   Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyəti  Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Şəhidin atası Əkbər İsmayılov və anası Fatma İsmayılova oğlunun vətənpərvərlik ruhunda tərbiyə edildiyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
   Allah Şəhidlərimizə rəhmət eləsin.

   Mətbuat xidməti

Keçidlər