Şirvan şəhərində Vətən müharibəsinin şəhidi Nicat Hüseynovun cənnətdəki ilk doğum günü qeyd olunub.
Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Nicat Ziyafət oğlu Hüseynovun bu gün cənnətdəki ilk doğum günüdür. Şəhidin 24 yaşı anadan olduğu, boya-başa çatdığı Şirvan şəhərində qeyd olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri Nicat Hüseynovun doğum günü münasibətilə Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov canını Vətənə qurban verməkdən çəkinməyən belə bir qəhrəman oğul böyütdüyü üçün Nicatın anası Zümrüd xanıma minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, şəhid analarına səbir arzulayıb. Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçünün əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, əzmi, milli ruhu, yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə Azərbaycan ordusunun tariximizin ən şanlı qələbəsini qazandığını bildirib. Nicatın və bütün şəhidlərimizin hər zaman qəlblərdə yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.
Şəhidin məzarı yanında çıxış edən millət vəkili İltizam Yusifov şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edib. Xalqımıza bəxş etdikləri qələbənin yaratdığı qürur hissinə görə şəhidlərimizə borclu olduğumuzu söyləyib.
Şəhidlər Xiyabanında keçirilən ağacəkmə aksiyasında şəhid anaları Şirvan şəhərinin Vətən müharibəsi şəhidlərinin hər birinin adına bir ağaç əkib.
Sonra tədbir iştirakçılarından bir qrupu Nicat Hüseynovun vaxtilə işlədiyi “Şirvan Araz zavodu” MMC-də onun xatirəsinə həsr olunmuş guşə ilə tanış olub.
Açıq havada Şirvan Dövlət Rəsm Qalereyasının şəhidin ömür yolunu əks etdirən rəsm sərgisi nümayiş olunub.
Tədbir şəhid Nicat Hüseynovun xatirə lövhəsinin açılışı ilə davam edib. Açılışda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, Milli Qəhrəman Eldar Xəlilovun anası, şəhidin sinif rəhbəri, iş yoldaşları, döyüş yoldaşları Nicatın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan və şücaətdən danışıblar. Çıxış edənlər Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirələrinin daim əziz tutulacağını, Nicatın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıblar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər şəhidlərə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.
Şəhər İcra Hakimiyyəti aparatı adından şəhidin valideynlərinə xatirə hədiyyəsi təqdim olunub.
Tədbirin sonunda şəhid anaları simvolik olaraq hər bir şəhidin ruhuna havaya ağ göyərçinlər uçurublar.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!
Mətbuat xidməti