“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Şirvan şəhərində.
05 May 2015-ci il tarixdə Neftçala rayonunda yandırılan “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirildi. Şəhər sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi oldu. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət və Turizm İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul etdi. Sonra Şirvan şəhər Bayraq Meydanından Heydər Əliyev prospekti, Naxçıvan küçəsi və M.Ə.Rəsulzadə prospekti boyunca məşəl yürüşü başlandı. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətirdilər. Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün şəhərə təhvil verdi. Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah Məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Şəhər sakinləri birinci Avropa Oyunlarının məşəlinin Şirvana səfərini böyük sevinclə qarşılayıblar. Məşəli qarşılama mərasimi bayram şənliyi ilə davam etdi. Birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonuna yola salındı.