"Erkən uşaqlıq dövründə inkişaf" layihəsi çərçivəsində ilkin müzakiələr keçirilidi.
Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİCEF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Erkən uşaqlıq dövründə inkişaf” layihəsi çərçivəsində Şirvan Gənclər Evində maraqlı tərəflərin iştirakı ilə ilkin müzakirələr keçirilib.
Layihənin hədəf regionları olaraq Bakı, Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonları müəyyən edilmişdir. Layihənin əsas məqsədi 0-8 yaş dövründə uşaqların sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri, təhsil, tibb, sosial xidmət mütəxəssislərini, o cümlədən həssas qrupa aid olan uşaqlara qayğı göstərən şəxsləri maarifləndirməkdən ibarətdir.
İctimai maarifləndirmə tədbirləri çərçivəsində layihənin sosial səhifələri üzərindən tibb, təhsil və digər sosial sahələrdə çalışan mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda canlı yayımların təşkil edilməsi, eləcə də xüsusi animasiya videoları, məlumatlandırıcı posterlər və digər dizayn məhsulları paylaşılması nəzərdə tutulmuşdur.
Layihənin növbəti mərhələsində aidiyyəti qurumlar da cəlb olunmaqla müxtəlif dəyirmi masaların, konfransların təşkili, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Mətbuat xidməti