17 iyun-Tibb İşçilərinin Peşə bayramı Günü münasibətilə Şirvan şəhərində tədbir keçirildi.
17 iyun 2021-ci il tarixdə Şirvan şəhərində Şəhər İcra Hakimiyyətinin və Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirildi.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və Şirvan Diaqnostika Mərkəzi publik hüquqi şəxsin direktorlarının və bir qrup tibb işçisinin iştirakı ilə keçirilən tədbir öncə şəhərin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başladı. Abidə önünə gül-çiçək dəstələri qoyularaq Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edildi.
Sonra tədbir Şəhər İcra Hakimiyyətində xüsusi karantin rejiminin qaydalarına uyğun davam etdirildi. Tədbir iştirakçılarını Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan səhiyyəsinin tarixindən, Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı xidmətlərindən danışdı, hazırda bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açdı. Qeyd etdi ki, dünyanı bürüyən koronavirus infeksiyasnın yayılmasının qarşısının alınması məqsədilə ölkə başçısının və Birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vaxtında qəbul edilmiş qərarlar, bu xəstəliyin müalicəsi ilə məşğul olan yeni tibb müəssisələrinin qısa vaxtda tikilib istifadəyə verilməsi nəticəsində xalqımız pandemiyanı az itkilərlə arxada qoymağı bacardı. Həm COVİD-19 infeksiyasına qarşı mübarizədə, həm də Vətən müharibəsində yaralı əsgərlərimizə yüksək səviyyədə tibbi xidmət göstərilməsində Şəhər Mərkəzi Xəstəxanasının və Şirvan Diaqnostika Mərkəzinin tibb işçilərinin fədakarlıq göstərdiyini diqqətə çatdırdı və onlara təşəkkürünü bildirdi. Şəhər İcra Hakimiyyətinin başçısı insanların sağlamlığının keşiyində dayanmağın müqəddəs və nəcib peşə olduğunu vurğuladı və bu şərəfli işdə onlara müvəffəqiyyətlər arzuladı.
Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev və Şirvan Diaqnostika Mərkəzi publik hüquqi şəxsin direktoru Nəsib Səhratov həmkarlarını peşə bayramı münasibətilə təbrik edərək, son illərdə öz inkişaf dövrünü yaşayan ölkə səhiyyəsinin nailiyyətlərindən söhbət açdılar. Nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılmasını, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsini vurğulayaraq, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıldığını bildirdilər. Səhiyyə sahəsinə və tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda Tibb İşçilərinin Peşə bayramı münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və Şirvan Diaqnostika Mərkəzi publik hüquqi şəxsin bir neçə tibb işçisi Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlarla təltif edildilər.
Mətbuat xidməti