Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət Parkında quruculuq işləri davam etdirilir.
Respublikamızın paytaxt və regionlarında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Şirvan şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində xeyli iş görülmüşdür. Respublika Prezidenti cənab İlham Əliyevin ölkə ərazisində yaşıllıq zonalarının xüsusi diqqətlə qorunması, genişləndirilməsi barədə müvafiq tapşırıqlarına uyğun olaraq Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət Parkının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Belə ki, bir müddət əvvəl parkın mərkəzi hissəsində yerləşən kanal yenidən qurulmuş, 2 ədəd körpü quraşdırılmışdır. Kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün nasosxana inşa edilmiş, 400 KVA gücündə yeni KTM quraşdırılmış, yeni texniki su xətti çəkilmişdir. Gölün üzərində olan metal konsituruksiyadan ibarət körpünün hərəkət hissəsi genişləndirilərək rekonstruksiya olunmuşdur. Gölün yamacına dekorativ çay daşlarının düzülüşü başa çatdırılmaq üzrədir. Şəlalənin və su gəzintisi üçün dayanacağın beton işləri tamamlanmış, ağ lay işləri yekunlaşmaq üzrədir. Atraksionların quraşdırılması işləri davam etdirilir. Artıq 4 ədəd atraksionda işlər tamamlanmışdır. Əraziyə tamet tavalar döşənmiş, beton bordyurlar düzülmüş və yeni yaşıllıqlar salınmışdır.
Park ərazisində yeni inşa edilən iki ədəd qeyri-yaşayış obyektlərində müasir tipli vitraj qapı və pəncərələr quraşdırılmışdır. Obyektlərdə ağ layla üzlənmə işləri davam etdirilir. Park ərazisində yeni tikilən inzibati binanın bünövrə və döşəməsinin monolit dəmir-beton, hörgü işləri tamamlanmış, örtük tavalarının quraşdırılması və ağlay üzlük işləri başa çatdırılmış, binadaxili döşəmələrə metlax tavalar düzülür. Sanitar qovşaqda kommunikasiya xətlərinin çəkilişi işləri yekunlaşdırılmış, kafel-metlax işləri başa çatdırılmış, santexnika avadanlıqlarla təmin edilmişdir. Sanitar qovşağın giriş hissəsinə müasir tipli vitraj qapı və pəncərə quraldırılmşdır. Mövcud qeyri-yaşayaış obyektlərində müasir memarlıq üslublarına uyğun olaraq əsaslı təmir işləri aparılır.
Parkda 1-ci və 2-ci xiyabanlarda işıqlandırma və suvarma sistemlərinin quraşdırılması işləri tamamlanmışdır. Hazırda müasir tipli işıq dirəklərinin dəmir-beton bünövrə hissələri yekunlaşmş, baza hissəsinin ağ layla üzlənmə işləri aparılır. 1-ci xiyabanda “Stellanın” dəmir-beton və hörgü işləri tamamlanmış, 2-ci xiyabanda “Zəfər abidəsi”nin Stella hissəsində dəmir-beton bünövrə işləri aparılır. Zəfər abidə kompleksində Qarabağ müharibəsinə və Zəfər gününə həsr olunmuş kompazisiyaların hazırlanması üçün qaya daşlarının park ərazisinə daşınması təmin edilir. Parkın ərazisində salınacaq asfalt beton yollara qum-çınqıl qatı verilərək xüsusi texnikalar vasitəsilə hamarlanır və kipləşdirmə işləri görülür. Yol kənarlarına dekorativ bordyurlar düzülür. Parkın giriş hissəsində pilləkənlər yenidən qurulur. Park ərazisində şaquli planlaşdırma işləri başa çatdırılmaq üzrədir. Parkın genişləndirilmiş hissəsində meşə-park yaradılmış, sakinlərin rahat gəzintisi və istirahəti üçün səkilərin salınması, istirahət guşələrinin layihəyə uyğun olaraq naturada yerləşdirilməsi işlərinə başlanılmışdır.
Müasir üslubda, xüsusi layihə əsasında yenidən qurulan Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət Parkı abadlıq-quruculuq və bərpa işləri yekunlaşdıqdan sonra şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir.
Mətbuat xidməti