Şəhidlər Xiyabanına köçürülən “Qəmgin ana abidəsi” ətrafında quruculuq işləri davam etdirilir.
Şirvan şəhərində torpaqlarımızın azadlığı və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim əziz tutulur, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin hörmət və ehtiramla daim yad edilməsi, adlarının əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında mütəmadi olaraq geniş abadlıq-bərpa və səliqə-sahman işləri aparılır. Vətən müharibəsi şəhidlərinin dəfnindən sonra Şəhidlər Xiyabanında başlanan təmir-tikinti işlərinin birinci hissəsi ilin əvvəlində başa çatdırılıb.
Hazırda Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından Şəhidlər Xiyabanına köçürülən “Qəmgin Ana” abidə kompleksinin ətrafında tikinti işləri aparılır, artıq abidənin bünövrəsinin monolit dəmir-beton işləri tamamlanıb. Kompleksin ətrafında “31 Mart Azərbaycanlıların soyqırımı”, “1941-1945-ci illər İknci Dünya müharibəsi”, “20 Yanvar”, “26 Fevral Xocalı faciəsi”, “Birinci Qarabağ müharibəsi”, “İkinci Qrabağ müharibəsi” qurbanlarının və şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhələrinin tikintisi davam etdirilir.
Şəhid ailələrinin istəklərinə uyğun olaraq, məzarların yaxınlığında 4 yerdə oturacaqların quraşdırılması üçün meydançalar salınıb, dəmir-beton bünövrə işləri görülüb, tamet tavalar düzülüb, beton bardyurlarla haşiyələnərək 4 ədəd müasir oturacaq, 2 ədəd tullantı qutusu quraşdırılıb. Xiyabanda yeni yaşıllıq zolaqları salınır, ağaclara aqrotexniki qulluq göstərilir.
Azərbaycan tarixinin qanlı və şanlı səhifələrini özündə birləşdirən, qəhrəmanlıq və azadlıq yolumuzu əks etdirən Şəhidlər Xiyabanı şəhər sakinlərinin müqəddəs ziyarətgahı olmaqla bahəm, həm də bütün dövrlər üçün xalqımızın birlik və həmrəylik simvoluna çevrilir.
Mətbuat xidməti