Şirvan Gənclər Evində “Zərərli vərdişlərə yox deyək, sağlam olaq” adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında daima bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Bu baxımdan narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın Respublikasının dövlət siyasətində başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
24 iyun 2021-ci il tarixində “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə 26 iyun–“Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar gənclərin sağlamlıqlarının qorunması və zərəli vərdişlərdən uzaqlaşdırılması məqsədilə “Zərərli vərdişlərə yox deyək, sağlam olaq” adlı seminar keçirildi.
Gənclər Evinin könüllülərinin, orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri və tələbə-gənclərin iştirak etdiyi seminarın açılışında Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək, narkomaniyanın insanın həyatında yaratdığı fəsadlardan və narkomanlığın əksər hallarda ölümlə nəticələnməsindən bəhs etdi. Qeyd olundu ki, gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olur.
Sonra Gənclər Evinin təşkilatçılığı ilə könüllülər tərəfindən ərsəyə gətirilən, narkotik aludəçisi olan bir gəncin həyatından bəhs edən “Bir dəfədən heçnə olmaz” adlı qısametrajlı film nümayiş olundu.
Sonda çıxış edən Əfqan Həsənov bildirdi ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.