“Sağlam gələcək naminə-Narkotiklərə yox deyək” adlı onlayn videokonfrans keçirildi.
24 iyun 2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və Şirvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun “Ümumdünya Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar “Sağlam gələcək naminə -Narkotiklərə yox deyək” adlı onlayn videokonfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun Milli İnformasiya Sektorunun müdiri Raqif Allahverdiyev, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən kapitan Şamxal Əliyev, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili, baş leytenant Telman İbrahimov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov, 1 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnur Novruzov, tələbələr, gənclər iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi.
Çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun Milli İnformasiya Sektorunun müdiri Raqif Allahverdiyev qurumun bu günə qədər apardığı təbliğatdan, gördüyü işlərdən bəhs edib. O, həmçinin ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunu qeyd edib.
Sonra çıxış edənlər-Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şamxal Əliyev Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun il ərzində həyata keçirdiyi əməliyyatlardan, Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov öz növbəsində şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin narkomaniya ilə mübarizə sahəsində birgə keçirdiyi maarifləndirici tədbirlərdən bəhs etmişdir.
Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnur Novruzov ilk növbədə maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsinin, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.