Şirvan Gənclər Evində “Ordumuz, qürurumuz!” adlı tədbir keçirildi.
25 iyun 2021-ci il tarixində Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə 26 iyun “Silahlı Qüvvələr günü”nün qeyd olunması, gənclərin vətənpərvərlik hissinin daha da artırılması məqsədilə “Ordumuz, qürurumuz!” mövzusunda seminar təşkil olundu.
Seminarda Vətən müharibəsi iştirakçıları, Şirvan Gənclər Evinin könüllüləri, orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri, tələbə-gənclər olmaqla 40 nəfərdən çox gənc iştirak etdi. Seminarın açılışında Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək bildirib ki, Müstəqil Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, dəmir yumruğu və müzəffər ordumuzun şücaəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər qazandı. Bu zəfər münasibətilə hər birinizi təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Var olsun Azərbaycan ordusu. Bugün yaranma gününü qeyd etdiyimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Azərbaycan dövləti qüdrətli orduya sahib olan bir dövlətdir. 44 gün davam edən, xalqımızın tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi ilə bütün dünya ordumuzun qüdrətinə şahid oldu və biz bu ordu ilə fəxr edir, qürur duyuruq.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları səhnəyə dəvət olundu və onlar da öz növbəsində xalqımızı Silahlı Qüvvələr günü və Böyük Zəfər münasibətilə təbrik etdilər. Ərazi bütövlüyümüz uğrunda hər zaman döyüşə hazır olduqlarını vurğulayan veteranlar gənclərimizi vətənpərvər olmağa və hər zaman döyüşə hazır olmağa səslədilər.
Sonra Şirvan Gənclər Evi tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış 44 günlük vətən müharibəmizin gündəliyi, Zəfər yolundan bəhs edən video-çarxlar nümayiş olundu. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər və Vətən müharibəsi iştirakçılarına öz təşəkkürlərini bildirdilər.