Şriftin ölçüsü :

Saytın rəngi :

Barıt qoxulu o yollar, səni bəs nə vaxt qaytarar... (Şəhid leytenant Süleyman Bağırov haqqında)

02 iyul 2021 | 16:00

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyil. Böyüyüb, boya-başa çatdığın, torpağına ayaq basdığın, suyundan içdiyin hər hansı bir ərazi də deyil. Vətən bütövlükdə ruhunla, köklərinlə bağlı olduğun, canından çox sevdiyin, lazım gələndə hər şeyindən keçdiyin müqəddəs varlıqdır.
   Çox təəssüf ki, milli musiqimizdən, milli mətbəximizdən tutmuş tariximizə qədər sahib olduğumuz hər şeyə göz dikən mənfur erməni qonşularımız əsrlər boyu torpaqlarımızdan pay ummaqdan belə ar etməyiblər. Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı Vətən müharibəsinin də məramı 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək idi. Bu haqq savaşında xalqımız “Dəmir yumruq” kimi birləşməyi bacardı və bütün dünyaya güçünü nümayiş etdirə bildi. Uzun illər xəyalını qurduğumuz Qələbənin şirinliyini bizə dadızdıran, sevinci və qüruru bizə yaşadan cəsarətli, şir ürəkli, igid oğullarımızdan biri olan leytenant Süleyman Loğman oğlu Bağırov Vətən müharibəsinin Şirvan şəhidlərindəndir.
   Süleyman Loğman oğlu Bağırov 1992-ci ilin yanvar ayının 25-də Sabirabad rayonunun Sərxanbəyli kəndində anadan olub. 1999-cu ildə Şirvan şəhər Məftun Osmanov adına 20 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Məktəb illərində geniş yaradıcılıq diapazonuna malik olan Süleyman istedadını müxtəlif hobbilərlə göstərirdi. Çox gözəl rəsm çəkir, yaxşı şahmat oynayır, maraqlı şeirlər yazırdı. 2000-ci ildə elə bu həvəslərdən biri onu Şirvan şəhər Şahmat məktəbinə gətirir. Və demək olar ki, hər il müxtəlif yaş qruplarında şəhər və respublika şahmat turnirlərində iştirak edir və yer tutur. Lakin ali təhsil almaq ən böyük arzularından idi. 2010-cu ildə məktəbi bitirən Süleyman elə həmin ildə 530 balla Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə daxil olur. Biliyi, zəhməti, məsuliyyəti ona ali təhsilini başa vurmaqla kifayətlənməməyi, başqa bir yolla getməyi sövq edir. 2014-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildə hərbi xidməti başa vurduqdan sonra TTM-də 4 ay hərbi təhsil alıb, leytenant rütbəsi ilə, yenidən hərbi hissəyə qayıdıb. Yüksək döyüş hazırlığına, nümunəvi hərbi nizam-intizam qaydalarına, mənəvi işgüzar keyfiyyətlərinə və vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilib. Bu müddətdə şahmat yarışlarında da fəal iştirak edir. Hətta Azərbaycan Respublikasının Şahmat üzrə birinciliyində 1-ci yeri tutduğuna görə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov tərəfindən Süleyman Bağırova Fəxri Fərman təqdim olunub. 2016-ci ildə tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində də iştirak edib. Müqavilə müddəti başa çatdıqdan sonra doğma Şirvana qayıdıb və ticarət müəssisələrinin birində rəhbər vəzifədə işləməyə başlayıb.
   2019-cu ilin dekabr ayında uzun illər sevdiyi xanımla ailə həyatı qurub. Artıq Süleyman qarşısına çıxan maneələri dəf edə-edə həyatını yoluna qoymağı bacarmışdı. Böyük arzuları, saf xəyalları var idi. Bütün arzularından yüksəkdə Vətənini azad, bütöv və qalib görmək idi. Elə bu amalla 2020-ci ilin sentyabrın 29-da Vətənin harayına yetişir və bir zabit, bir vətəndaş kimi son vəzifə borcunu da yerinə yetirir. Düşmənə qarşı hiddətlə döyüşür, yaralı yoldaşlarını xilas edir, işğalda olan torpaqlarımızın qarış-qarış azad edilməsində Süleyman da şücaət göstərir. Məqamların ən alisinə-şəhadətə qovuşur. Dünyaya gəlişini gözlədiyi, adını belə qoyduğu qızını görmədən ruhu Vətən göylərinə ucalır. 9 ay əvvəl bəylik taxt-tacından yenicə enən Süleyman noyabrıın 13-də böyük izdihamın çiyinlərində Şəhidlər Xiyabanında son mənzilə yola salınır. Vətən müharibəsində yüksək fədakarlıq və rəşadət nümayiş etdirdiyinə görə leytenant Süleyman Loğman oğlu Bağırov ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
   2021-ci ilin yanvarın 28-də Süleymanın qızı dünyaya gəlib. Adını onun arzusu ilə Nilufər qoyublar. Körpə qız atasının şəkilləri və şəxsi əşyaları ilə bəzədilmiş guşənin qarşısında dünyadan xəbərsiz qığıldayır, gülür, oynayır. Bütün uşaqların xoşbəxt böyüməsi üçün valideynlər çalışmalıdır, lakin şəhid balalarının xoşbəxt böyüməsi üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir.
   Bu gün Süleyman Bağırov haqqında danışmaq ailəsi üçün çox çətin olsa da, həm də qürurludur. Atası Loğman kişi baxışlarını bir nöqtəyə cəmləyib susur, qəhər onu boğur. Anası Nailə xanım oğlunun əməksevərliyindən, sakit təbiətli, mehriban olmasından danışır. Elə illərlə sevdiyi, sonunda qısa müddət də olsa qovuşduğu xanımın adı da Mehribandır. Mehriban danışır ki, orta məktəbi bitirəndən Süleyman onu sevib. Hətta Aprel döyüşlərində onun üçün məktub da yazıb qoyub. Amma Mehribanın ailəsi razı olmadığından bir müddət ayrılıblar. Lakin 2019-cu ildə el diliylə desək, Mehriban Süleymana qoşulub qaçıb. İndi göz yaşları içərisində “belə olacağını bilsəydim, 4-5 il əvvəl qoşulub qaçardım...” deyir. Onun “Süleymanın ölümünə inanmıram, hardasa qayıdacaq, qızımızı da o hisslərlə böyüdürəm, atası nə vaxtsa gəlib hər şeyi qaydasında görəcək. Ömrümün sonunadək onu gözləyəcəyəm...” sözləri bir şəhid ucalığı qədər şəhid xanımını da gözlərimizdə ucaldır.
   Barıt qoxulu o yollar, o yollar
   Səni bəs nə vaxt qaytarar, qaytarar,
   Səndən təsəlli bir zabit mundiri,
   Bir cüt ulduzlu, aylı paqonlar...
   Hay ver mənə, cənab leytenant!
   Bu cür vətənpərvər, cəsur, qeyrətli oğulları, dözümlü, mərd qızları olan Vətən qalib gəlməliydi. Başqa cür ola da bilməzdi.
   Ruhu şad olsun!
   Şəhidlər ölməz, Vətən bölünməz!

   Mətbuat xidməti

Keçidlər