Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandanım məni döyüşə çağırıb, heç bir dəqiqə də gecikə bilmərəm! (Vətən müharibəsi şəhidi Elvin Şıxəliyev haqqında)

06 iyul 2021 | 16:00

Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni, səndən ötrü qan tökən, can verən minlərlə oğullarının tək istəyi üç rəngli bayrağınla məsud yaşamağındır. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi naminə 2020-ci iln sentyabrın 27-də başlanan Vətən müharibəsində Müzəffər Ordumuzun əsgər və zabitləri yaşamaq hüquqlarından keçərək şanlı zəfər tarixi yazmaqla bunu bütün dünyaya sübut etdilər.
   Şirvan şəhərinin cəsur oğulları da Vətən müharibəsinin ilk günlərindən könüllü orduya yazıldılar və vətənin çətin günlərində Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kim birləşdilər. Şirvanın fəxri, xalqımızın ləyaqətli oğlu Elvin Sarvan oğlu Şıxəliyev də belə mərd oğullardandır.
   Elvinin vaxtilə yaşadığı evin yerləşdiyi küçənin baş tərəfində onun xatirə lövhəsindən gülərüz çöhrəsi bizi salamlayır. Evin bir otağında 26 yaşında şəhadətə qovuşan Elvinin  şəkilləri və şəxsi əşyalarından ibarət guşə yaradılıb. Elvinin ailə üzvləri ilə oturub onun haqqında danışmaq çox çətindir. Babası Xanbala kişi, atası Sarvan Şıxəliyev Elvinin qısa, eyni zmanda şərəfli ömür yolu barədə xatirələrini bizimlə bölüşürlər. Həm şəhadətin Allah dərgahında nə qədər uca mərtəbə olması, həm də şəhidlərimizin qanının yerdə qalmaması hər birimizə təsəlli verir.
   Vətən müharibəsi şəhidi Elvin Şıxəliyev 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olub. 2001-cu ildə Mübariz İsrayilov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Gəncədə yerləşən N saylı hərbi hissədə 18 ay xidmət edib. Xidmət dövründə tapşırıqları vicdanla yerinə yetirdiyinə və ləyaqətlə xidmət etdiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən 2 dəfə tərifnaməyə layiq görülüb. Manqa komandiri kursunu bitirərək kiçik çavuş kimi xidmət edib. 2015-ci ildə xidməti vəzifəsini başa vurduqdan sonra Şirvan şəhərinə qayıdan Elvin Retro MMC şirkətində işə düzəlir və ailəsinə maddi dəstək olur. 2020-ci ilin iyul ayında ölkəmizin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrinin hücumunun qarşısını alarkən baş verən hadisələr Elvini bərk hiddətləndirir. Evdə tez-tez deyirmiş ki, torpaqlarımızı geri almadan kişi kimi yaşamaq olmaz, şəhidlərin ruhu bizi bağışlamaz, hər kəs yaxasını çəksə, onda Vətəni kim qoruyacaq? Belə oğul idi Elvin, cəsur, dəyanətli, vətənpərvər...
    2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün qismən səfərbəliyin elan edilməsi xəbərini eşidəndə çox sevinib. Hətta ailə üzvləri onunla görüşmək üçün bir-iki günlük ləngitmək istəyib, lakin Elvin “Ali Baş Komandanım məni döyüşə çağırıb, heç bir dəqiqə də gecikə bilmərəm” deyib. İkinci Qarabağ müharibəsində Füzuli, Hadrut, Cəbrayıl uğrunda döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar nümayiş etdirib, tağım komandiri kimi böyük şücaət göstərib. Cəbrayıl və Hadrut istiqamətində Purlan zirvəsinin alınması uğrunda döyüşdə başından dəyən düşmən gülləsindən şəhid olub. Elvin Şıxəliyev oktyabrın 14-də Şirvan şəhər Şəhidlər Xiyabanında böyük  izdihamla dəfn edilib. Vətən torpağı 9 yaşından anasız böyüyən qəhrəman övladını öz ağuşuna alıb.
   Şıxəliyev Elvin Sarvan oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Xanbala baba nəvəsi Elvinə onların başını uca etdyi üçün minnətdarlığını bildirir və onunla fəxr etdiyini qeyd edir. Deyir ki, “sağ olsun, Ali Baş Komandan. Allah onu həmişə uca etsin. Dövlətimizə rəhbərlik etdiyi dövrdə necə vətənpərvər gənclik yetişdirdi və həmin gənclər 44 gün ərzində torpaqlarımızı azad etdi. Vətən sağ olsun deməklə iş bitmir, gərək hər kəs Vətənin sağ olması üçün əlindən gələni etsin.”
   Elvinin anası 2004-cü ildə faciəli şəkildə dünyasını dəyişib. Ailədə 3 uşaqdan sonuncusu olan Elvin doyunca ana qayğısı və  sevgisi görməsə də özü sevgi dolu, mehriban, qayğıkeş idi. Hər gün işdən gələndə babasının üzündən öpər, kefini soruşar, onunla saatlarla söhbət edərdi. İndi Elvin üçün çox darıxan babası sanki təkcə nəvəsini deyil, həmsirdaşını itirib. Oğlu haqqında danışanda Sarvan kişini qəhər boğur. Deyir, oğlum öz sözünü necə lazımdı deyib, düşmənin cavabını verib, tək arzusu torpaqlarımızı azad görmək idi...                                                   
   Elvin və onun kimi minlərlə igid vətən oğullarının başladıqları missiya uğurla başa çatdırılıb. Purlan zirvəsi də, işğal altında olan şəhərlərimiz, kəndlərimiz, dərələrimiz, çaylarımız, hər bir qarış torpağımız düşmənin murdar tapdağından azad edilib. İndi o zirvələrdə 3 rəngli Azərbaycan bayrağı dalğalanır. Ölkə başçısının göstərişlərinə uyğun olaraq azad edilən şəhər və kəndlərimizdə irimiqyaslı abadlıq-quruculuq işlərinə start verilib. Torpağının hər qarışına qanı axan şəhidlərimizin müqəddəs ruhları tezliklə yenidən cənnətə çevriləcək Qarabağımızın mavi səmasından nur səpəcəklər. Xalqımız isə tariximizin ən şərəfli səhiflərini yazan, onun böyüklüyünü və gücünü dünyaya nümayiş etdirən, ona qələbə sevincini və qürurunu yaşadan şəhidlərimizin əziz xatirələrini həmişə ehtiramla yad edəcəkdir.

    Mətbuat xidməti

Keçidlər