“Zəfərə aparan yolun başlanğıcı” mövzusunda seminar keçirildi.
“Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə vətənimizin qorunması uğrunda canından keçmiş şəhidlərimizin yad olunması məqsədilə Tovuz döyüşləri ilə əlaqədar “Zəfərə aparan yolun başlanğıcı” mövzusunda anım tədbiri keçirildi.
Anım tədbirində Gənclər Evinin könüllüləri, orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, tələbə gənclər olmaqla 40 nəfərə yaxın gənc iştirak etdi. Tədbirdə Tovuz döyüşlərində iştirak etmiş Azərbaycan ordusunun zabiti Ürfan Bağırov çıxış edərək, 5 gün davam edən döyüşün əslində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında ilk addım, bir qığılcım olmasını vurğuladı. Gənclərə əsgərlərimizin qorxmazlığı, cəsarəti, vətənpərvərliyi haqqında məlumat verərək onları da əsl vətənpərvər Azərbaycan gənci kimi yetişməyə səslədi.
Tədbirdə Gənclər Evi əməkdaşlarının Tovuz döyüşləri haqqında hazırladığı “Tovuz döyüşləri mübarizlərimiz”, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyev və Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov haqqında hazırlanmış video-çarxlar nümayiş olundu. Gənclər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.
Şəhidlərimiz Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar!
Biz şəhid oğullarımızın xatirəsini daim əziz tutacağıq!