Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə “Şəhidlər ölməz” tədbirlər silsiləsindən şəhid Nicat Hüseynovun xatirəsinə həsr edilmiş tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Şirvan Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər. Şəhid məzarları üzərinə tər qərənfillər düzərək əziz xatirələrinə ehtiramlarını ifadə etdilər. Sonra Şirvan Gənclər Evində şəhid Nicat Hüseynovun xatirəsinə həsr edilmiş tədbir davam etdirildi. Şirvan şəhərində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin və gənclərin qatıldığı tədbiri giriş sözü ilə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeologiya Mədəniyyət Mərkəzinin direktoru, polkovnik-leytenant İlkin Qayıbov açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi. Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeologiya Mədəniyyət Mərkəzinin direktoru, polkovnik-leytenant İlkin Qayıbov tədbirin təşkilinə görə Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və şəhid ailələrinə minnətdarlığını bildirdi. Sonra şəhid Nicat Hüseynovdan bəhs edən videosüjet nümayiş olundu. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, şəhid atası Alim Zülfüqarov, şəhid anası Nailə Bağırova, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, şəhid Nicat Hüseynovun xalasıoğlu Samir Əhmədov çıxış edərək şəhid Nicat Hüseynovun həyat və fəaliyyətindən, göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinə, qazilərə dövlət səviyyəsində verilən qiymətdən, onların ailələrinə göstərilən diqqət və qayğıdan və bu qayğının yerlərdə də layiqincə davam etdirilməsindən danışdılar. Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Sonda tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeologiya Mədəniyyət Mərkəzinin hərbi vətənpərvərlik mövzusunda hazıladığı Vətən müharibəsi şəhidlərinə həsr olunmuş musiqili ədəbi-bədii kompazisiya təqdim edildi.
Mətbuat xidməti