Şəhid Mürsəlov Məhəbbət Tapdıq oğlunun ailəsi ziyarət edildi.
Şəhid Mürsəlov Məhəbbət Tapdıq oğlu 1968-ci il aprel ayının 9-da Əli Bayramlı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Əli Bayramlı rabitə şöbəsində əmək fəaliyyətinə başlayıb. Sonra Sovet Ordusu sıralarında Orenburq şəhərində hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Neft-Qaz Çıxarma İdarəsində işləyib. Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Məhəbbət Mürsəlov Füzuli və Tərtər bölgəsində gedən döyüşlərdə iştirak edib.
1994-cu ilin aprelində düşmən üzərinə növbəti hücum zamanı ağır yaralanır. İki ay hərbi hosbitalda müalicə olunsa da həkimlər Məhəbbəti həyata qaytara bilmədilər. 1994-cu il iyul ayının 22-də Məhəbbət Mürsəlov həlak olur. Şəhidlik zirvəsinə ucalır.Əli Bayramlıdakı Şəhidlər Xiyabanında dəfn edilir.
Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhid Məhəbbət Mürsəlovun ailəsi də ziyarət edildi. Ziyarət zamanı şəhid Məhəbbət Mürsəlovun əziz xatirəsi bir daha yad olunmuş, ruhuna dualar edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyava tərəfindən ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə və veteranlara hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanlara qayğı və diqqət hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirilir, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, sosial problemləri həll edilir.
Şəhidin həyat yoldaşı Rəxşəndə Ağabəyova şəhid Məhəbbət Mürsəlov barədə xatirələrini bölüşür. Döyüşdə göstərdiyi qəhrəmanlıqlardan danışır. Şəhidin həyat yoldaşı ona göstərilən hərtərəfli diqqət və qayğıdan razılığını bildirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı qələbədən böyük sevinclə danışır. Şəhid Məhəbbət Mürsəlovun da qanının yerdə qalmadığını, ruhunun şad olduğunu qeyd edir.
Göstərilən qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir.
Allah şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti