Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir.
29 iyul 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, Şirvan Bələdiyyəsinin nümayəndələri, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri ilə birlikdə Şirvan Şəhidlər Xiyabanını ziyarət etdilər.. Öncə şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə ziyarət edilib, önünə tər qərənfillər qoyulub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəyə uyğun olaraq şəhid məzarlarını ziyarət edib, hər ayın sonuncu cümə axşamında olduğu kimi Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşüb, onlara belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün təşəkkürünü və minnətdarlığını bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən qayğıdan, olunan köməkliklərdən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən danışıb. Sonra Şirvan şəhərindən şəhid olan insanların xatirəsini əks etdirən yeni, müasir tipli monitorun şəhərin mərkəzi meydanında qurulacağını və orada hər bir şəhid haqqında məlumatın veriləcəyini şəhid ailələrinin diqqqətinə çatdırdı.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında ucaldılan “Qəmgin Ana” abidəsini Vətən müharibəsində qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin ləyaqət, dəyanət rəmzi olan anaların şərəfinə “Şəhid Anası” abidəsi adlandırılmasını təklif etdi. Təklif şəhid ailələri, şəhid anaları tərəfindən böyük razılıqla qarşılandı.
Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhid ailələri şəhərin mərkəzi meydanına gələrək yeni, müasir tipli monitorun qurulacağı yerlə tanış olublar. Şəhid ailələri Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərinə, şəhidlərə, şəhid ailələrinə olunan həssas ehtirama, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti