Şirvanda Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yenidənqurma işləri davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin sosial rifah halının yüksəldilməsi və mədəni istirahətinin daha da yaxşılaşdırılması barədə tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhərində Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yenidənqurma işləri davam etdirilir. Parkın mərkəzi hissəsində yerləşən kanal yenidən qurulmuş, üstündə iki ədəd körpü salınmışdır. Kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün müasir avadanlıqlar qurulmuş, yeni texniki su xətti çəkilmişdir. Gölün yamaclarına dekorativ çay daşları düzülmüş, şəlalənin beton işləri tamamlanmış, park ərazisinə münbit torpaq qatı verilmiş, atraksionlar quraşdırılmış, tikilən müasir tipli iaşə obyektlərinin ağlayla üzləmə işləri davam etdirilir. Parkda yeni inşa edilən inzibati binanın tikintisi başa çatmış, elektrik və santexnika işləri görülmüşdür.
Parkın “Qarabağ”, “Zəfər” xiyabanlarında, “Ada” və “Meşə” zolaqlarında işıqlandırma və suvarma sistemləri qurulmuş, müasir tipli işıq dirəklərinin quraşdırılması işləri aparılır. Zəfər xiyabanda “Zəfər” abidə kompleksinin inşası davam etdirilir, parkın ərazisində salınacaq asfalt-beton yollara qum-çınqıl verilərək xüsusi texnikalar vasitəsi ilə hamarlanır və kipləşdirilir. Yolun kənarlarına dekorativ betonlar düzülür, parkın giriş hissəsində pilləkənlər yenidən qurulur, ərazidə şaquli planlaşdırma işləri aparılır. Hazırda parkın genişləndirilmiş hissəsində meşə-park salınmış, sakinlərin rahat gəzintisi və istirahəti üçün səkilər, istirahət guşələri layihəyə uyğun aparılır.
Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkı istifadəyə verildikdən sonra şəhər sakinlərinin və qonaqların mədəni istirahəti, uşaqların və gənclərin asudə vaxtı daha səmərəli təşkil olunacaqdır.
Şəhər İcra Hakimiyyətinin rəhbərliyi mütəmadi olaraq parkda olur, orada gedən yenidənqurma və tikinti işlərinin layihəyə uyğun aparılmasına ciddi nəzarət edir, tapşırıq və tövsiyələrini verir.
Görülən tədbirlərdən və həyata keçirilən layihələrdən razı qalan şəhər sakinləri Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan yenidənqurma işlərinə, onlara göstərilən diqqətə və mədəni istirahətləri üçün yaradılan şəraitə görə Dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Mətbuat xidməti